Fənər işıqları tapmayanda günəşin şəfəqlərində rəqs edəcək
Könül Alı
-Azərbaycanda cəmiyyəti diriltmə adına teatr adlı bir mərasim var?
“Yox, biz mövcuduq, fəaliyyətimiz var idi, pandemiya işlərimizi iflic etdi”, deyən bir teatr aktryorunun, kollektivinin qapalı məkanlarda toplanma qadağasından sonra küçələrə töküldüyünü gördünüzmü?
-Mən görmədim.
Yeri gəlmişkən, günümüzdə sənət üçün hər cür fədakarlığı edən neçə aktyor tanıyırsınız?
-Mən tanıyıram.
Bu günlərdə belə fədakar bir artistin performansı bir çoxunu heyran etdi. Elmin Bədəlovun küçə performansı “küçə teatrı” anlayışının yad olduğu Azərbaycan cəmiyyətində maraqla qarşılandı. Təqdir edənlər də oldu, təhqir edənlər də. Elminin sərgilədiyi incəsənət nümunəsini bir narkomanın halı, bir sərsərinin sərsəmləməsi, bir dəlinin dəlixanadan qaçması kimi xarakterizə edənlər də.
Belə götürəndə ilk dəfə “Küçə teatrı” izləyən hər kəsin fərqli reaksiya verməsi də normaldır. Adamlara deyə bilməzsən, “Ölkəndə görməmisən, bilirik, heç arzusunda olsam da heç mənim də izləmək imkanım olmadığı Fransa küçə festivallarına təsadüf etməmisənmi? Bütün gün müasir texnologiyanın imkanlardından istifadə edirsən, hər gün internet aracılığı ilə dünyanın altından vurub üstündən çıxırsan, belə tamaşalardan birinə internetdə də rast gəlmədinmi?
Qərəzli davranmağı kənara qoyub hətta ölkəmizdə çox yayğın olan kəndirbazların oyunlarını xatırlamaq kifayətdir ki, küçə tamaşasının nə olduğunu anlayasan. Açığı hazırda belə göstərilər var, ya yox, bilmirəm. Biz uşaq olanda kəndimizdə möhtəşəm səhnələr qurulur, kəndirbazlar 5-10 metr hündürlükdə ipin üstündə gəzir, sözün əsl mənasında kəndirbazlıq edir, müxtəlif nömrələr göstərirdilər. O zaman kəndimizdə uşaqdan böyüyə hər kəs bu göstəriləri maraqla izləyir, artistləri alqışlayır, hətta pul müqabilində şirinlik də verirdilər. Heç kim də göstəriyə mane olmur, aktyorları buna görə həbs etmirdilər.
İndi teatr binası maddi sıxıntılar və pandemiya səbəbindən qapadılmış ADO-nun yaradıcısı və rejisoru, aktyor Emil Bədəlovu niyə xor görürük? Həyat praktikasında “kəndirbazlar” görmüş bizlər niyə yüksək səviyyədə küçə performasını anlamazdan gəlirik? Aktyoru teatr göstərdiyinə görə niyə polis bölməsinə aparırıq?..
Digər tərəfdən bunun incəsənət olduğunu etiraf etmək niyə çətin olsun, gözəllikdən zövq almaq əvəzinə la-la-la,lalala, deyib ağız əymək nə dərəcədə doğrudur?
Təsəvvür edin ki, küçədə birdən-birə tamaşa və ya tamaşaya bənzər bir şey təqdim edən bir qrup adam peyda olur. Bir hərəkət, bir jest, bir qışqırıq və ya bir səhnə o qədər gərgin və gözəldir ki, oyunçuların özləri və ya oyunçularla tamaşaçılar arasındakı enerji o qədər bulaşıcıdır ki…
Birdən qəlbimizlə və ağlımızla eyni intensivliyi hiss edirik. Biz hazırıq. Pərdə qaldırılır. Bütün ictimai formalarımız və maskalarımızın arxasında gizlənən saxtakarlıq və uydurma simamız ortaya çıxır. Bu zaman yalnız yaşamaq üçün sərf etdiyimiz ən yaxşı enerjimizin faydasızlığı ortaqya qoyulur. Yox, bu gerçək həyat deyil, teatrdır, bizi bizdən alan, bəzən özümüzə gətirən teatr. Və bu gerçək deyil yalnız xəyaldır.
Təəssüf ki, bu gözəlliklərdən məhrumuq, mən belə düşünürəm.
Əslində sizin düşüncələriniz də maraqlıdır…
….Elmin Bədəlov aktyor və rejissordur, ADO teatrının yaradıcısıdır. İki gün ard-arda göstərdiyi kompozisiyalar da çox gözəl idi. Belə götürəndə izlədiyimiz görüntülərdə ona edilən təzyiqi, göstərisinə mane olan əmr qulunun orada peyda olmasını tamaşanın bir hissəsi də hesab edə bilərik. Sanki aktyor hazırlıqlı idi. Onun müyyən məkanda səhnə alacağı, “pərdələrin açıldığı” məqamda ona müsəllat olacaq mühafizəçi gözləyirdi. Ssenariyə bu da daxil idi, mühafizəçi də rolunu oynayırdı. Rəisi ona teatr göstəriləcək məkanda peyda olaraq aktyora mane olmağı tapşırıb, Elminin könüllü oynadığı səhnədə mühafizəçi əmr qulu kimi çıxış edir. Rolunu oynayır. Bəlkə ssenari üzrə mühafizəçi daxil oyun qurulsa bu qədər mükəmməl alınmayacaqdı.
Biriləri, “harası mükəmməldir, aktyora rolunu ifa etməyə imkan verilmədi”, deyə bilər. Mənə görə Elminin aktyorluq bacarığı, möhtəşəm duruşu, jestləri və azad rəqsi ilə ətrafına ötürmək istədiyi sevgi, gözəllik sifoniyası bir növ xeyirlə şərin qarşılaşaraq verdiyi əks-səda kimi müşahidə olunurdu. Rolunu da istədiyi kimi ifa etdi.
Açığı Elminin göstərisində peyda olan yandaş obraz məni çox da narahat etmirdi. Səhnəni qələbələşdirərək emossiyaların artmasına kömək edirdi.
– Bu tamaşa Elminin nə ad qoymasından asılı olmayaraq küçə göstərisində “azadlıq rəqsi” idi.
-Əslində mühafizəçinin Elminin köynəyindən çəkərək aval-aval baxmasını, özünün teatr göstərisinə mane olduğunu dərk etmədiyinin, sanki cinayətkar yaxalamış kimi özündənrazı duruşunu, aradabir jurnalistlərə təpinməsinə cahilliyin tərənnümü də demək olar.
…son dövrlərdə dünyada baş verənlər sübut etdi bunu. Bir çox ölkələrdə teatrlar pandemiya qadağalarına etiraz olaraq küçələrə töküldü, açıq hava teatrları vüsət aldı. Elminin təkbaşına göstərisinə təhammül etməyən Azərbaycan cəmiyyəti, qucaqlaşan qadın-kişi səhnələri, öpüşən sevgili obrazlarını görməyə hazır deyil.
Lakin Azərbaycanda teatrın küçələrə çıxmaması “milli-mənəvi” dəyər anlayışının teatlara da nüfuz etməsi ilə bağlı deyil, incəsənətin məsuliyyətini boynuna götürənlərin incəsənət adına qeyri-təşəbbüskar olması ilə bağlıdır. Bu da bir çox sahələrdə olduğu ki, teatrda da geriyə sıçrayışa səbəb olaraq inkişaf etmiş dünyadan geri qalmağımıza səbəb olur.
… belə təşəbbüslərdə Azərbaycanın payı olmadı. Bunun da özünəməxsus səbəbləri var. Hazırkı rejimdə nənki dövlət teatrlarında, heç müstəqil teatr adı ilə fəaliyyət göstərənlərdə belə fəaliyyət ola bilməz, hamısı asılıdır.
Biriləri anlamalıdır ki, teatr kifli divarlar arasında duruş gətirməz. Müasir teatr müasir düşüncəli, zəngin performanslı, yenilikçi, ən vacibi cəsarətli aktyorlar istəyir. Həmçinin elə aktyorlar ki, əlini hökumətin ətəyibdən üzüb öz gücünə əsl sənət nümayiş etdirsin. Sənəti qoyub maddiyat ardınca qaçmasın. Yeri gələndə küçədə, parkda, universitetlər, hətta prezident iqamətgahının qarşısında da səhnələr qura bilən aktyorlar, nə istədiyini bilən sənətçilər.
Maddiyyatdan danışdığımızı görənlər, həyat dərsi keçməyə çalışacaq – olsun. Biz də fikrimizdə qalırıq; Heç bir fəaliyyət yalnız maddiyyatla təşəkkül etməz, mənəvi zövq mütləqdir.
Elminin performansında maddi marağın yox, mənəvi zövqün ağır basdığına inanıram.
Elminə təşəkkür düşür – rənglərlə cilalı emossiyalarla iki günümüzü canlandlrdığı üçün.
Biz isə çox şey istəmirik, səhnələrimiz Elminlərlə dolsun- əsl sənəti yaratmaq yolunu ot basmasın. Bu fəaliyyətə isə ilk cığır deyək.
Bu gözəllikləri bizə bəxş edəcək aktyor istənilən təzyiq altında səhnəsini tamamlayacaq, kölgələrdə fənər işıqları tapmayanda günəşin şəfəqlərində rəqs edəcək.
Yeri gəlmişkən, hər il avqustun 22-dən 25-nə qədər hər gün səhər saat 10: 00-dan 23: 00-dək Fransada Aurillac Beynəlxalq Küçə Teatrları Festivalı (Aurillac International Street Theater Festival) keçirilir.
Bu günlərdə təxminən 150.000 ziyarətçi, aktyorların avanqard və möhtəşəm nömrələrinin daxil olduğu, boz küçələri canlandıran performanslarnı izləmək üçün Aurillac küçələrinə çıxır.
Festival dünyanın yüzlərlə istedadlı ifaçısını özünə cəlb edir. Bədii qurğular, işlənmiş texnika, sirk atları, opera tamaşaları, rəqs qruplarına, hər cür küçə teatrına açıqdır.
Festival hər il avqust ayının üçüncü həftəsində baş verir və son illərdə yeni istedad axtaran istehsalçıları cəlb edir. Elmin Bədəlov kimi aktyorun da festivalda iştirakı arzuolunandır.
Hər halda, arzuladığı hər yerdə, uğurlar!