Rusun iti, Putinin bülbülü…

Putinin bülbülü – Rusiya dövlətinin insan simasında təcəssümü Vladimir Solovyov dünənki verilişində bir söz işlətdi. Ondan aşağıda danışacam, hələliksə, başqa demək istədiklərim var.

 

Ordumuz hərb tariximizin qızıl səhifəsini yazdı. Məşhur “Mannerheym xətti”nə tay tutulan “Ohanyan xətti” bir neçə günə yarıb keçdi.Əsgərlərimiz ləyaqət simvolumuza çevrilmiş Şuşanı qayalarına qanlarını axıdaraq geri aldı. Şəhidlərimiz bu 30 ildə əzilib öləzimiş ruhumuzu canları bahasına özümüzə qaytardılar. Ruhları qarşısında baş əyirəm.

 

Xalqımız görünməyən birlik, inam, əzm, iradə nümayiş etdirdi – ilk dəfə xalq-dövlət-ordu tandemi yarandı. Qələbəmizin baş səbəbi bu tandem oldu.

 

İmzalanan bəyanatda göstərilən tarix bitsin; Kəlbəcər, Ağdam, Laçın boşaldılsın, ordumuz o torpaqlarda yerini tutsun biz də papağımızı qarşımıza qoyub soyuq başla olanları təhlil edək, gələcək planlarımızı quraq.

 

Bu müharibə bizə çox həqiqəti çılpaqlığı ilə göstərdi. Dostumuzu, düşmənimizi saf-çürük eləməyə, güclü və zəif yerlərimizi görməyə, gələcəyin inkişaf vektorunu müəyyən etməyə imkan yaratdı.

 

İlk öncə Rusiya qoşunlarının Qarabağa yeridilməsinə hüquqi qiymət verilməlidir. Adının nə olmasından asılı olmayaraq, Konstitusiyamızın 11-ci maddəsini kobud şəkildə pozaraq, Milli Məclisin qərarı, xalqın xəbəri olmadan xarici ölkə qoşunun ərazilərimizə girməsinin bir adı var – İŞĞAL.

 

Rusiya Azərbaycan torpağını işğal etmək hesabına növbəti dəfə erməniləri xilas etdi! İti qovurduq yiyəsi gəldi!

 

 

Ordumuz Xankəndinin 1 kilometrliyindəykən marıxda hazır durubmuş kimi tələm-tələsik rusların gəlişinin işğaldan başqa adı varmı? Rus ordusu imkan verəcəkmi biz Qarabağda düzən quraq?

 

İşğal gecəsi helikopterin vurulması, Bakı yaxınlığında insanları panikaya salan partlayış nəyə siqnal idi? Dövlətimizi nələrlə təhdid ediblər? Bəlkə Bərdədə, Gəncədə gördüyümüz dəhşətli mənzərəni bütün ölkə boyu təkrarlamaqla qorxudublar? Bilmirik! Fikrimcə, ölkə prezidenti döyüşlərin getdiyi bu günlər ərzində xalqla səmimi, açıq söhbətini bu konteksdə də davam etdirməlidir.

 

Mərhum Elçibəy dirənib rus qoşunlarını ölkədən çıxarmağının bədəlini hakimiyyətini itirməklə ödədi. Belə çıxır ki, indi rus qoşunlarını biz özümüz dəvət etmişik, hələ bir təşəkkür edərək, bayram atəşfəçanlığı keçirərək?

 

Ölkə prezidenti adını Azərbaycan tarixinə xilaskar komandan kimi yazdığı bir vaxt gördüyü işlərə iynə ucu boyda kölgə düşməsinə imkan verməməlidir. Xalqa demək mümkün olacaq qədər açıq deməlidir – nə baş verdi ki, Xankəndinin girişində dayandıq? Sanki sovet ordusu Berlin darvazası ağzındaykən durdurulur, araya barışdırıcı qüvvə girir.

 

Fakt qarşısında qalmışıqsa, reallıqla barışmğa məcburuqsa, onda şərtlərimizi türklər demiş, ortaya NET qoymalıyıq. Və hansı halda Rusiya qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğuna son qoyulmasını açıq elan etməliyik. Məsələn, rus qoşunları Qarabağda Azərbaycan hakimiyyətinin yerli idarəetmə orqanlarının işinə qarışacağı halda; Sovet dönəmindəki kimi birtərəfli mövqe tutaraq, azərbaycanlıların öz yerlərinə qayıtmasına mane olacağı halda və sairə.

 

Və ən ƏSASI… Putinin bülbülü Vladimir Solovyovun dilə gətirdiyi sözə gəlirəm. ”Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi” halında rus qoşunu ölkədən dərhal çıxarılır. Abxaziyada, Osetiyada, Dnestryanıda, Krımda, Donbasda pasport paylama əməliyyatı bizdə də təkrarlanmısına qarşı bəribaşdan Milli Məclis səviyyəsində qərar da qəbul oluna bilər.

 

Bir sözlə, etiraf etsək də, etməsək də yeni dövrə – Rusiyanın işğalı dövrünə qədəm qoyulub. Dövlət kimi də, xalq kimi də mövqeyimizi sərgiləməliyik. Sözdə edə bilmiriksə, əməldə Rusiyaya tutduğu mövqeyə görə Azərbaycanı itirdiyini başa salmalıyıq.

 

Dövlət hesabına açılmış rus məktəblərini ya bağlamaq, ya da ingilisdilli məktəblərlə əvəzləmək, hər axşam bizə nifrət püskürən rus kanallarının yayımını dayandırmaq, Slavyan Universitetini Türk Dilləri Universitetinə çevirmək, nə bilim bu dar macalda ağlıma gələn bunlardır, bu və bu qəbildən işlər.

 

Xalq, dövlət, ordu tandemini qoruya bilsək, bu işğala da son qoyacayıq!

 

Hər şeyə rəğmən artıq üfüq görünür və bu bizə yetər!

 

Tanrı Azərbaycanı qorusun!

 

Vahid Qazi