“Qarabağ məhbusları” ev dustaqlığına buraxılır – Yenilənib
İyulun 14 də Bakıda Milli Məclisin qarşısında baş vermiş hadisələrə gorə həbs edilən 36 nəfərdən 21-i, o cümlədən AXCP-nin 12 fəalı bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. “Basta”nın əldə etdiyi məlumata gorə, prokurorluq digər 15 nəfərin də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün təqdimat verib.
***
Saat 12 radələrində hakim Ağamalı Qafarov Qarabag məhbuslarının, o cümlədən 12 AXCP fəalının ev dustaqlığına buraxılması barədə qərarını elan edib. Bu haqda Nəmət Kərimli məlumat verib. Qərar faksla təcridxanaya göndərildikdən sonra icra ediləcək.
***
10:00
“Qarabağ məhbusları” işi üzrə dünən axşam keçirilən məhkəmədə hakim Ağamalı Qafarov müşavirəyə gedib və hələ qayıtmayıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. O bildirib ki iş üzrə təqsirləndirilən şəxslərin ev dustlağına buraxılması barədə məlumatlar həqiqətə uyğun deyil. Onlar hələ həbsdədirlər.
Vəkil bildirib ki, qanunla məhkəmə müşavirəsi ağlabatan müddətdə davam edə bilər.
Hakim Ağamalı Qafarovun müşavirədən nə vaxt qayıdacağını müəyyən etmək üçün onun katibliyinə zəng vursaq da, telefon zənglərinə cavab verən olmadı.
**”
Bakı şəhəri, Səbail rayon Məhkəməsi Qarabağ məhbuslarının bir hissəsini, 21 nəfəri ev dustaqlığına buraxıb.
Bu barədə noyabrın 16-da hakim Ağamalı Qafarov qərar qəbul edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Təzəxan Mirələmli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ev dustaqlığına buraxılanlar arasında 12 nəfər AXCP fəalı, o cümlədən bu partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli də var.
Təzəxan Mirələmli: On iki AXCP fəalı ev dustaqlığına buraxılıb
.
Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib.
Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokurorlar vəsatəti təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqlarının olması, onların az ağır cinayətdə ittiham edilməsi, daimi yaşayış yerlərinin olması və sairə hallarla əsaslandırıb.
Məhkəmə prosesi online formatında keçirilib. Təqsirləndirilən şəxslər də online formatda məhkəmədə iştirak edib.
Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir, onlardan 36-sı barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həbsdə olanlardan 15-i AXCP üzvləri idi.
Prokurorluq ümumilikdə 21 nəfərin ev dustasqlığına buraxılmasını məqsədəuyğun sayıb. Müsəlman Birliyi Hərəkatının iki üzvü – Kamil Mahmudov və Tural Vəliyev də həbsdən buraxılanlar arasındadır.
Hazırda bu cinayət işi üzrə 15 nəfər həbsdə qalıb ki, onların sırasında AXCP fəalları Ramid Nağıyev, Gündüz Miurzəyev və Elnur Cabbarov, Naxçıvan MR daxili İşlər naziri olmuş Siyavuş Mustafayev də var.
Təqsirləndirilən şəxslərdən yalnız biri – AXCP üzvü Elvin Məmmədov barəsində istintaq dövründə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.
Amerikanın səsi