Ermənistana 7 rayon müqabilində 5 milyard təklif edilibmiş – (Səs yazısı)

Azərbaycan ərazilərinin işğaldan azad olunması müqabilində Ermənistana investisiya təklifi ilə bağlı İlham Əliyevin oktyabr bəyanatı, deyəsən, öz təsdiqini tapır.

 

İ.Əliyev bunu Qarabağda döyüşlərin qızğın çağında Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirmişdi ki, Ermənistanın keçmiş prezidentlərinə və hökumətlərinə dəfələrlə ünvanlayıb ki, Ermənistan könüllü çıxacağı təqdirdə Qarabağ regionunda müxtəlif sosial-iqtisadi layihələr həyata keçirməyə hazırdır: “Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq şəraitində yaşayırlar. Bilirsiniz, orada tam işsizlikdir, yoxsulluqdur, infrastruktur dağıdılıb. Biz investisiya qoymağa hazır idik”.

Lakin erməni tərəfinin imtinası və inadkarlığı İlham Əliyevi hərbi infrastruktura investisiya qoymağa məcbur edib və bu, qarşıya qoyulmuş məqsədə – işğal olunmuş ərazilərin azad edilməsinə gətirib çıxarıb, eyni zamanda Ermənistan üçün faciəvi nəticələrə səbəb olub, – deyə Turan agentliyi yazır.

 

Dekabrın 7-də Ermənistanın @baqramyan26 teleqram kanalı ölkənin üçüncü prezidenti Serj Sarqsyan və Belarusun lideri Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ haqda söhbətindən qeydləri açıqlayıb.

 

 

Söhbət zamanı Lukaşenko bildirir ki, Sarqsyana Qarabağın 7 rayonuna görə 5 mlrd. təklif edilib. Lukaşenko qeyd edir: “Rayonları (Qarabağ) ver ona, o (Əliyev) ödəyəcək,  sənə ilkin mərhələdə 5 milyard təklif edib”.  Buna cavab olaraq, Serj Sarqsyan bildirir: “Mən ona 6 milyard verirəm. Qoy, 7 rayondan imtina etsin”.

 

News.am bildirir ki, bu qeydin açıqlanmasından sonra Sarqsyanın ofisi kütləvi informasiya vasitələrindən çoxsaylı sorğular alıb. Onlar audioyazıdakı müzakirənin həqiqətə uyğun olub-olmadığına, bunun nə zaman və harada baş tutduğuna, niyə Ermənistanın  üçüncü prezidenti Serj Sarqsyanın indiyədək bu barədə danışmadığına aydınlıq gətirilməsini istəyirlər.  Bununla əlaqədar ofis bəyanat yayıb. Bəyanatda qeyd olunub: “14 oktyabr 2016-cı il tarixində Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası zamanı keçirilmiş məhdud tərkibdə görüşdə prezidentlərin qeyri-ictimai söhbətinin İnternetə  necə düşdüyü aydın deyil. ER üçüncü prezidentinin ofisi audioyazını fakt kimi qəbul edir və qapalı formatda keçirilən iclasların şərh edilməməsini (indiyə qədər də edilməyib) nəzərə alaraq şərh verməkdən çəkinir”.

Hansı şərhlər ola bilər? Bunu dünən yayılmış audioyazının şərhilə bağlı Tert.am saytının xahişinə Belarusun Ermənistandakı səfirliyindən bildiriblər.

 

“Münaqişəni nizamlamağa çalışan iki ölkə arasında tamamilə aydın söhbət olub. Odur ki, şərh üçün erməni həmkarlara müraciət edin”, – Belarusun Ermənistandakı səfirliyindən bildiriblər.