Azərbaycan: 2020-ci ilin mühüm siyasi hadisələri
- I. 30.01.20: Avropa Şurası Parlament Assambleyası “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” qətnaməsini qəbul edib. Qətnamədə “siyasi məhbuslar problemini birdəfəlik həll etmək” təklif edilir.
- II. 09.02.20: Azərbaycan Milli Məclisində vaxtından əvvəl seçkilər keçirilib.
- III. 27.02.20: Koronavirusla bağlı risklərin qarşısının alınması, operativ profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında müvafiq dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə Operativ Qərargah yaradılıb.
- IV.19.03.20: Dövlət başçısı Novruz bayramı münasibəti ilə ölkə əhalisinə müraciət edib. İlham Əliyev kütləvi tədbirlər keçirilməsinin mümkün olmadığını bildirib, FH tətbiq ediləcəyini istisna etməyib və müxalifətin şəxsində “beşinci kolonun” zərərsizləşdirilməsindən bəhs edib.
- V.13.04.20: Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin İnterneti kəsilib. Müxalifət fəallarının həbsləri başlayıb.
- VI. 02.12.20: Rusiya-Azərbaycan sərhədində humanitar böhran. Minlərlə insan Azərbaycana qayıda bilmir.
- VII. 04.12.20: David Qareci (Keşikçi Dağ) monastır kompleksi ilə əlaqədar Gürcüstan və Azərbaycan arasında böhran.
- VIII. 12.07.20: Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycan mövqelərini artilleriya hücumuna məruz qoyub. Döyüşlər üç gün davam edib.
- IX. 27.09.20: Qarabağda döyüşlər başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən Azərbaycanda hərbi vəziyyət tətbiq edilib.
- X. 10.11.20: Prezident İlham Əliyev RF dövlət başçısı Vladimir Putinlə videokonfrans zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müharibənin dayandırılması haqqında birgə bəyanatını imzalayıb.
2020-ci il Azərbaycanda pandemiya və İkinci Qarabağ Müharibəsinin təsiri altında keçib
Amma qeyd etmək lazımdır ki, il iki əsas xoşagəlməzliklə – enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə ucuzlaşması və Avropa Şurasının siyasi məhbuslar məsələsinin birdəfəlik həlli tələbi ilə başlayıb.
Bu iki istiqamət sonradan ölkənin ictimai-siyasi həyatına təsir göstərib. Birinci halda iqtisadiyyatın əsas amili olan neft dollarları axınının azalması ilə əlaqədar sosial gərginlik artıb, ikinci halda isə koronavirus pandemiyasından istifadə edən hakimiyyət fövqəladə hal şəraitində müxalifəti siyasi səhnədən uzaqlaşdırmaq qərarına gəlib.
Ölkədə fövqəladə hal fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təsis edilməsindən sonra yaranıb. Bu, vətəndaşların azadlıqlarının məhdudlaşdırılmasını, o cümlədən kütləvi tədbirlər keçirilməsinin qadağan edilməsini nəzərdə tuturdu. Martın 19-da isə Novruz bayramı ərəfəsində prezident İlham Əliyev açıq-aşkar FH şəraitində müxalifətə dağıdıcı zərbə endirməyə hazır olduğunu bəyan edib, bu da Qərbin tənqidinə səbəb olub. Sonradan cəmiyyət Xalq Cəbhəsi, Müsavat partiyalarının və bir sıra ictimai təşkilatların fəallarının silsilə həbslərinin şahidi olub.
Yayda FH şəraitində siyasi fəallıq aradan qalxıb. İyulun 12-də Tovuz rayonunda Ermənistan-Azərbaycan sərhədində hər iki ölkədə vətənpərvərlik hissi və müharibə arzusunu coşduran üçgünlük artilleriya döyüşləri başladıqdan sonra isə hakimiyyət-cəmiyyət qarşıdurması yalnız virtual şəbəkədə qalıb.
Sonradan, iki ay yarım sonra, sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayıb. Hərbi əməliyyatlara ilk kimin başladığı barədə mübahisələr gedir. Amma həqiqəti ortada axtarmaq lazımdır – hər iki tərəf döyüşə can atırdı, hər biri öz qələbəsinə inanırdı. Müharibə noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən sülh Bəyanatının imzalanması nəticəsində başa çatıb. Sazişə əsasən, Azərbaycan Ermənistanın 1992-1993-cü illərdə işğal etdiyi 7 rayonu qaytarıb, habelə Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın 1/3-i üzərində nəzarəti bərpa edib. DQ-nin erməni icmasının nəzarəti altında olan ərazilərə 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yeridilib.
Qeyd etmək lazımdır ki, hərbi əməliyyatların bütün gedişatını Rusiya və Türkiyə paralel olaraq müşahidə edirdi. Onlar münaqişənin Azərbaycanın sərhədlərini aşmasına yol vermir, Ermənistanın kapitulyasiyasından sonra onun lokallaşdırılmasına şərait yaradır və Ağdamda yaradılmış Dağlıq Qarabağ üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi çərçivəsində gələcəkdə əmin-amanlıq üçün şərait yaradıb. Qarabağ regionunda Ermənistan və Azərbaycanın, habelə Rusiya, Türkiyə və Qərbin maraqlarının tarazlaşdırılması məqsədilə Fransa və Frankofoniya dövlətləri (Belçika, Lüksemburq) parlamentlərinin şəxsində ermənilərin maraqları tapdandığı təqdirdə DQ-nin müstəqilliyini tanımaq təhdidi yer alan qətnamələr qəbul edir.
Başa çatmaqda olan ilin sonlarında ATƏT-in Minsk Qrupu həmsədrlərin regiona səfərlərinin nəticələrinə görə yaranmış yeni reallıqları qeyd edib və status-kvo nəzərə alınmaqla, 2021-ci ildə yeni danışıqlar prosesinin anonsunu verib. Həmçinin, Yeni ilin əvvəllərindən etibarən kütləvi koronavirus vaksinasiyası haqqında anons səsləndirilib, bu da iqtisadiyyatın fəallaşması və sosial sabitləşmə prosesinə töhfə verməlidir. Müharibə eyni zamanda hakimiyyət, cəmiyyət və müxalifətin konstruktiv əməkdaşlığı mümkünlüyünü nümayiş etdirib. Buna görə 2021-ci ildə iqtisadi və siyasi islahatlar istiqamətində dialoqun canlanacağını gözləmək olar.
Mehman Əliyev
ASTNA.biz