Nəzərdə tutulan Əliyev-Paşinyan görüşündən nə gözləmək olar?

Moskvadakı qeyri-rəsmi mənbələrin məlumatına görə, yanvarın 11-də Moskvada Vladimir Putinin iştirakı ilə keçirilməsi gözlənilən Əliyev-Paşinyan görüşü noyabrın 10-da əldə edilmiş razılaşmaların möhkəmləndirilməsinə və gələcəkdə həyata keçirilməsinə həsr olunacaq.

 

Müzakirə mövzularından biri Mehridən keçən dəhliz olacaq, məhz buna görə görüş ərəfəsində hər iki tərəf bu dəhlizi belə tez-tez yad edib.

 

Əliyev yanvarın 6-da çıxışında bildirib ki, razılaşma Rusiya ilə əldə olunub və müzakirələr Moskva ilə apaılacaq. Rusiya hökumətinin nümayəndə heyəti Bakıya və Yerevana məhz bu məsələ ilə bağlı səfər edib.

 

Buna cavab olaraq Paşinyanın mətbuat katibi bildirib ki, dəhlizin işə salınması üçün Bakı erməni hərbi əsirlərini qaytarmalıdır.

 

Rəsmi Bakının mövqeyi belədir ki, biz ermənilərə Laçından dəhliz verdiksə, bunu yalnız ermənilər Naxçıvana yolu açmağa razılaşdığına görə etdik. Ermənilər razılaşmanı pozmaq niyyətindədirsə, Bakı Laçın dəhlizinin statusuna yenidən baxa bilər – ilk dəfə olaraq Rusiya sülhməramlılarının öz səlahiyyətlərini pozduğunu və Bakının buna göz yumduğunu bəyan edən Əliyevin çıxışından bu nəticəni çıxarmaq olar. O, həmçinin Yerevan rəsmilərinin Bakının icazəsi olmadan Qarabağa səfərlərinə son qoymaqla hədələyib.

 

Görüş ərəfəsində bu “təbliğatı hazırlıq” tərəfləri mövqelərini gücləndirməyə çağırıb. Bu arada, Yerevandakı müşahidəçilər bədbin əhval-ruhiyyədədirlər, Paşinyanın gedəcək yeri olmadığını, əlində xüsusi təsir vasitələri olmadığını hesab edirlər. Rusiya amili də ona qarşı işləyəcək, belə ki, Moskva Naxçıvanda onu İran və Türkiyə ilə və elə Ermənistanın özü ilə birləşdirəcək dəmir yolunun açılmasında maraqlıdır.

 

Moskvada erməni diasporasına yaxın mənbələr onu da bildirirlər ki, Moskvadan sonra Bakıda da ayrıca görüş keçiriləcək. Görüşdə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xüsusi xidmətlərinin rəhbərləri iştirak edəcəklər. Mehri dəhlizi və digər məsələlərlə bağlı Moskva razılaşmalarının təfsilatı məhz burada dəqiqləşdiriləcək və təsbit ediləcək.

 

Bütün bunların nə dərəcədə real olduğunu demək çətindir, amma noyabrın 10-da əldə edilmiş razılaşmaların alternativi, şübhəsiz, regionda gərginliyin artması, Bakının mövqeyinin sərtləşməsi və bəlkə də ermənilərin Qarabağda yeni ərazi itkiləri olacaq.

 

Turan