Böyük arzular

İlqar Atabəyli

 

Öz ölkəmdə miskin feodal təbəsi kimi yox, hürr vətəndaş kimi yaşamaq istəyirəm. Yaponun, almanın, fransızın, ingilisin öz vətəninin vətəndaşı olaraq yaşadığı kimi. Bu mənim və 10 milyon Azərbaycan xalqının dövlət qanunları və beynəlxalq konvensiyalarla qorunan insan haqqıdır. Elə buna görə də insan olaraq AZAD və ƏDALƏTII Azərbaycan cəmiyyətinin qurulması arzusundayam.

 

Bütün mübarizələrimiz ilk növbədə cəmiyyətin dəyər anlayışını dəyişmək olmalıdır. İnsanı ali varlığa çevirən zəkası və daşıdığı təfəkkürüdür. Dövlət quruculuğu milli təfəkkür daşıyan və müasir dünya düzəninə uyğun düşüncə sahibi olan irəlizəkalı şəxslərə aiddir. Gerizəkalı, ən böyük istək və arzusu özündən irəli getməyən şəxslərin dövlətin başına keçməsi milli fəlakətdir. Bu fəlakət virus kimi cəmiyyəti bürüyür. Kütləvi düşüncədə milli aşınma sindiromu yaradır. Kütlə şəxsi mənfəətini düşünən, yaltaq, saxtakar və yalançı idarəediçi zümrənin açdığı çığırla gedir. Və insan şəxsiyyətləri mənəvi aşınma və deqrodasyaya uğrayır. Əxlaq, şərəf, mənəviyyat anlayışı dəyişərək əvvəlki məna və əhəmiyyətini itirir. Beyinsiz, robortlaşmış, insani keyfiyyətlərdən məhrum olunmuş kütlə formalaşır. Bu adam kütləsi nəyin bahasına olursa olsun (nökər qismində olsa da) imkanlı, vəzifəli şəxsin yaxınlığında yer almaqla fəxr edir. Nə yolla olur olsun maddiyatçılıqla qohum-qonşudan, dost-tanışdan üstün olmağı həyati məqsədə çevirərək yaşadığı mühütdə özünü təsdiq etməyə çalışır. İnsani dəyərlərin itirilməsi isə əhəmiyyət daşımır.

 

Dəyər anlayışının deqradasyaya uğradığı cəmiyyətlərdə içiboş nəhənglər sinifi yaranır. İntellektsiz alimlər, xalqsız xalq şair, yazıç və artistləri, dövlətçilik şüuru olmayan məmurlar, müharibəsiz generallar dəstəsi dəyərləri dəyişdirilmiş toplumun qəhrəmanlarıdır. Kütlənin ən böyük arzusu bu zümrənin daxilində yer almaqdır.

 

Hətta insani keyfiyyətlərin itrilməsi obıvatelə toplum içərisində imkan tanıyır ki, müharibədə iştirak etmədiyi halda utanmadan müharibə əlili vəsiqəsi daşısın, sağlam gənclər rüşvət müqabilində əlil kimi təqaüd alması ilə lovğalansın. Təsəvvür edin ki, ətradakı kütlə də bunu çox normal qəbul edir. Özləri də imkan olan kimi bu yolu seçir. Bu göstərici kütlənin dəyər anlayışının deqrodasyasıdır.

 

Bütün total quruluşlar cəmiyyətin milli dəyərlərini unutdurmağa meyillidir. Bütün resusları cəmiyyətin düşüncə tərzini dəyişmək üçün səfərbər edir. Aşınmış cəmiyyətlər mübarizə ruhunu itirərək keyləşməyə məruz qalır. Totalitarizm məhz belə halları yaradaraq tam və qəti qələbə çalır. Kütlə kiçildikcə diktator böyüyərək ölkədən yekə görünür.

 

Dəyərləri dəyişdirilmiş toplumu bir mübarizə hədəfi uğrunda birləşdirmək məşəqqətli və zor iradə tələb etsə də, mümkünsüz deyil. İnsan ali varlıq olduğu üçün onun vicdan hissi var. Ən amansız cinayətkar belə öz vicdanı ilə tək qalanda günahlarını, etdiyi cinayətlərinin əzabını yaşayır. Biz də vicdanımız qarşısında mühitə üyğunlaşaraq yaşamağın əzabını çəkməliyik. İnsana vəzifəsinə, əmlakına, maliyyə vəziyyətinə görə deyil, daşıdığı dəyərlərə görə qiymət verilməlidir. Çünki bizim xalqımızı və dövlətimizi milli dəyər daşıyan insanlar xilas edəcək.