Vaksinasiya yanvarın 18-dən başlayacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyasının başlanmasına qərar verilib.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov bildirib ki, ilk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq.
Prezidentin köməkçisi qeyd edib ki, dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib.
Onun sözlərinə görə, yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi müəyyən yumşalmalara getməyə əsas verir.
Ölkə başçısı İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.
peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:
1-ci mərhələ – Səhiyyə işçiləri;
65 yaşdan yuxarı şəxslər;
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ – Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.