Bəxtim gətirdi, sağ qaldım

Çingiz Sultansoy

 

20 yanvar gecəsi xatirələrim

 

Yanvarın 19-da axşam yeməyini yeyib, paltonun da altından üst-üstə iki sviter geyinib mitinqə getdim.

 

Çantama, bir az yeməkdən başqa silah adına yekə, xəncər kimi bir mətbəx bıçağı, cibimə pasport qoymuşdum, bir də bir ovuc ikiqəpiklik – rabitə vasitəsi.

 

Mitingin təşkilatçıları – Milli Müdafizə Şurasının üzvləri Nemət Pənahlı, Rəhim Qaziyev və Etibar Məmmədov artıq neçə gün idi ki müqavimət göstərməyə, dirənişə çağırır, müstəqillik məsələmiz, vətənin taleyi indi həll olunur deyirdilər. MMŞ-nin başqa üzvləri də vardı, amma fəal olanlar dediklərim idi.

 

O gecə iştirak etdiyim mitinq Azərbaycan KP MK-nın qabağında idi, indiki PA-nın binası. Burada barrikad-flan quran yox idi, sadəcə bir neçə min adam yığışmışdı. N.Pənahlı, R.Qaziyev və E.Məmmədov çıxış etdilər. Nemət imperiyaya qarşı mübarizəmizdən danışdı, durumu təsvir etdi, dedi ki üstümüzə gələn ordudan qorxmaq lazım deyil – “Gələn ordu bizə silah gətirir!”.

 

O vaxt artıq Tbilisi hadisələri baş vermişdi, rus əskərləri avtomatların qundağı, lopatkalalarla etiraz edən gürcüləri döyüb yaraladıqlarını, ölənləri bilirdik. Rahim Qazıyev də durumu açıqlayıb, Moskvanln milli hərəkatı boğmaq istədiyini, indi milli qeyrət məqamı olduğunu dedi: “Qardaşlar, bacılar, durmaq, müqavimət göstərmək lazımdır! Vətən naminə, Azərbaycan naminə! Biz də sizinlə birlikdə duracağıq. Yox, əgər biz sizinlə birlikdə durmasaq, sizi tərk etsək, onda malımız, canımız sizə halaldı. Namusumuz sizə halaldı!”.

 

Etibar, həmişəkinə rəğmən, çox qısa və solğun danışdı, nə dedikləri yadımda deyil indi. Ən çox rəğbət bəslədiyim Etibar Məmmədov idi, onun pərəstişkarı idim. Nemət buranı post №1 elan etdi. Başqa postlarda ehtiyac yarananda dəstələr buradan köməyə getməli idi. Nemətgil başqa postları yoxlamağa getdilər, daha onları görmədik. Mən isə az sonra təşkilatçıların çağırışıyla bir avtobus adamla birlikdə buradan Qurd Ağzı yanındakı posta getdim, amma bizi oradan qaytardılar, lazım olmadıq, kömək artıq gəlmişdi.

 

Ondan sonra bir dəfə də mitinq aparıcılarının çağırışı ilə könüllü Səlyan qazarmalarına maşınla gedib gəldim, orada tankların hərəkətə keçdiyi, artıq ölənlər və yaralananlar olduğu barədə gələn məlumatı təsdiqlədim. O vaxt hələ “şəhid” sözünü işlətmirdik…

 

Səlyan kazarmalarına burada mitinqdə rastlaşdığım qohumlarım, Pəri Ananın kiçik oğlu Azər Əskərov və həyat yoldaşımın əmisioğlu, əskərlikdən, Hava-Desant Qoşunlarında xidmətdən sonra yeni qayıtmış Zahir Axundovla getdik.

 

Sıravi iştirakçı idim, onbaşı-yüzbaşı olmağa, əmr və tapşırıq verməyə can atmırdım, çünki düşünən bir adam, ziyalı kimi bu gecənin təhlükəsinin və məsuliyyətimi dərk edirdim, yalnız öz canımı və həyatımı riskə atmaq, təhlükə qarşısına qoymaq istəyirdim, kiminsə həyatına görə mənəvi məsuliyyət daşımaq istəmirdim. Amma görünür, kifayət qədər düşünən deyildim. Olsaydım, İsa Qəmbərin, dostum Hikmət Hacızadənin, Sabit Bağırovun, Zərdüşt Əlizadənin bu gecə Nemət Pənahlı, Rəhim Qaziyev, Etibar Məmmədova inanmamaq, küçədə, barrikadalarda dayanmağın lazımsız təhlükə olduğu haqda dediklərini eşidərdim..
Gecə saat bir olardı ya olmazdı, yaxındakı telefon-avtomatdan qardaşıma zəng elədim, o vaxtlar mobil teleonlar hələ yox idi.

 

Qardaşım Ramiz Lenin prospektindəki, indiki Azadlıq prospekti, kooperativ hündür binada yaşayırdı, Lenin prospekti ovcunun içi kimi görünürdü. Səsimi eşidib sevindi, o dəqiqə dedi ki, orada durma, çıx get! Qaç!!

 

Pəncərədən çoxlu trasser xətti görürəm, işıq buraxan güllələr, atışma səsi gəlir. Hara gəldi atırlar, hər yerdə işıqlı xəttlər görünür, bütün şəhər atışma içindədir. Küçə ilə zirehli texnika, tanklar hərəkət edir. Çıx get, canını qurtar! Öldürəcəklər!

 

Ramizə diqqətlə qulaq asırdım. Bu zəngdən əvvəl, Səlyan kazarmasının qabağına gedəndə ölənlərdən xəbərim vardı. Amma MK-nın qabağında sakitlik idi.

 

Ürəymə qorxu doldu. Ürəyim bər döyündü, əllərim əsdi. Getmək yox, qaçmaq istədim. Amma gedə bilmədim. Axı mən bura dirəniş göstərməyə gəlmişdim, biz hamımız. Gəlmişdim ki, həyatımızı dəyişək, mütəqillik qazanaq, azad baxımsız millətlər sırasına çıxaq. Ətrafdakı adamlara baxdım. Söhbət edən, siqaret çəkən, zarafatlaşanlar vardı. İki cavan zarafatyana güləşirdi, isinmək üçün – gecə soyuq idi. Kimsə öskürürdü, kimsə boğazını arıtlayıb tüpürdü. Onlar hələ mən bildiyimi, ölənləri, yaralananları bilmirdi, mitinqin aparıcıları Səlyan kazarmalarından gətirdiyim xəbəri onlara deməmişdilər. Amma onlar da mənim kimi dirəniş göstərməyə, gərəkərsə, ölməyə, milli ləyaqət və qürur, azad həyat, Azərbaycan uğrunda ölməyə gəlimişdilər. Getmədim. Onları qoyub gedə bilmədim…

 

Səhər səkkizə yaxın MK binasına bir bronetransportyor yaxınlaşdı. Tırıldaya-tırıldaya Filarmoniyanın binasının yanında dayandı. O anlar yaxşı yadımdadır. Ölümü haradasa yaxında, qabaqda, qaranlıqda idi, onu aydınca hiss edirdim.

 

Bronetransportyorun sürücüsü gah motoru nərildədir, gah qazını alırdı, sonra yenə nərildədirdi. Qorxutmaq istəyirdi, ən azı tarıma çəkilən əsəblərimizlə oynayırdı. Amma bizə güllə atmadı, tırtılları ilə əzmədi, elcə dayandı, əskərlər də heç nə eləmədilər. Beləcə iki saata yaxın dayandıq. Elə bil keyləşmişdim, nə qorxu, nə həyəcan hiss edirdim. Saat onun yarısında daha heç nə baş verməyəcəyini anlayıb evə getdim, yemək və yatmaq istəyirdim yaman. Şəhərdə baş verənlərin dəhşətindən xəbərim yox idi. Evdə yediyim qayqanğın, çay, pendir-çörəyin dadı indiyəcən yaxşı yadımdadır. Uşaqları qucaqladım, öpdüm, saçlarını qoxuladım. Həyatın dadı, ətri idi…

 

Yalnız yatıb, yuxumu alandan sonra axşamtərəfi evdən çıxdım və baş verənlərin dəhşətini, miqyasını görüb-eşidib anladım. Təzə Pir məscidinə getdim, oraya gətirilən cəsədləri gördüm.

 

Bəsirət gözüm o vaxt dərhal açılmasa da xeyli müddət sonra çox şey anlamışam. Lider olmaq istəyən, əxlaqsızcasına başqalarının həyatını təhlükəyə atan adamlara münasibətim tamam başqa olub. Amma başlıcası, sovet hakimiyyətinin mahiyyətini, öz vətəndaşlarına, adi adamlara münasibətini öz gözlərimlə gördüm və yaxşı anladım. Ona görə “Ah, sovet vaxtı! Gözəl günlər..” deyən, nostalji yaşayan adamlara ağılsız-şüursuz kimi baxıram.

Bir neçə ildən sonra isə 20 yanvarı həyata qayıdış, ikinci doğum günü kimi qeyd eləməyə başladım. Şəhidlərn ruhu qarşısında demək olar ki xəcalət çəkmirəm. Gözükölgəli deyiləm. 22 yanvar – böyük izdihamlı dəfn mərasimində iştirak etdim, onları yola saldım Mən sınaq, döyüş meydanından qaçmadım, onlarla bərabər dayandım. Sadəcə bəxtim gətirdi. Sağ qaldım. Bəlkə də ona görə ki, anam namaz üstə olub o vaxt? Bəlkə də ona görə ki, anamdan başqa məni evdə daha üç qadın gözləyirdi – yoldaşım və iki qızım?