Atamın şilləsi, sevgisi və 20 yanvar
20 yanvar günü səhər obaşdan şəhərə xəbər yayılar ki, gecə Bakıya qoşun girib, milləti qırıb. Küçələr meyitlərlə doludur, bəs, ölənlərin çoxu da tələbələrdir.
“O, mitinqlərdən yığılmırdı. Onu da öldürüblər”. Atamın reaksiyası belə olub. Dərhal da üz tutub poçta. Ağdam poçtunda da iynə atsan yerə düşməz – hamı Bakıyla danışmaq, yaxın adamından xəbər tutmaq istəyir. Uzun növbədən, neçə saatın basabas gözləntisindən sonra, nəhayət, axşama yaxın poçtdakı telefon budkalarından birinə girə bilir. Hansı qohumla danışırsa , “birda idi indi getdi”, “salamatdı, bayaq danışdım” sayaq söz eşidir, amma “burdadı, al danış” deyən olmur.
Təlaş içində evə dönür, anama “100 faiz o da ölən tələbələr arasındadı, mənə demirlər”, deyib maşına oturur, birbaş Bakıya.
Yazıq anam başına xeyli arvad yığıb mənə yas tutur.
Mən də Papanində kirayə qaldığım otaq yoldaşlarımla Salyan kazarması yolunda gördüklərimizin şokunda. Neçə gündü rus əsgərləri kazarmadan çıxmasın deyə darvazanın qabağında keşik çəkirik. Hisin-pasağın içində. Dedik, gedək yuyunaq, dincələk, gecə yenə gələk. Gecə də…
Şıxovda hərbçilər yolu bağlayıb, Bakı qeydiyyatı olmayanı buraxmırlar. Atam yanvarın 21-də səhərə doğru maşını orda bır yerə atıb, neçə avtobus dəyişir, günortadan keçmiş bir zülmlə gəlir əmimgilə. Mən də əmimin təkidiylə onlara gəlmişəm.
Qapının zəngi çaldı. Qapını açan əmimin səsini qulağın çaldı: “Boy Pərviz, qəfil hardan belə”. “Ölüb, heyləmi? Hansınızdan soruşuram “burdaydı getdi” deyirsiniz, aldadırsınız”.
Atamın səsinə qapıya yüyürdüm. Məni gördü. İlahi, üzündəki o ifadə nə idi! Az qaldı kişinin dizi qatlana. Qucaqlamaq istəyəndə sifətimə möhkəm bir şillə çəkdi. Səsi xırıldadı. Sonra boynuma sarıldı. Öpəndə üzüm islandı. Ağlayırdı.
Atam sərt adam idi, istəyini heç vaxt biruzə verməzdi. Həmin gün ilk kəs onun məni necə sevdiyinə şahid oldum, sən demə, dəli bir eşqlə sevirmiş məni.
Uşaq vaxtı yüngül götəyini az yeməmişəm. O axşam həm də atamın son şilləsini daddım. Dünyanın ən şirin şilləsini.
***
20 yanvar tək mənim yox, elə hamımızın sevgi və şillə daddığı gündür. Şilləni o günəcən özümüzün bildiyimiz ordudan aldığımız kimi, sevgini də xalq olaraq bir-birimizdən aldıq.
22 yanvar günü 100 minlərlə insanın bir-biriylə sevgi paylaşdığını mən də gördüm. Şəhidlərin dəfninə atamla gedəndə…
P.S. 19 yanvar gecəsi bizi qıran rus əsgərlərinin balaları 30 il sonra 9 noyabr gecəsi qəfil Qarabağa soxuldular. Görünən odur ki, onlarla işimiz hələ bitməyib!
Atamla bağlı bu məhrəmanə xatirəni bu iki gecəni unutmayanlar üçün paylaşıram.
Vahid Qazi
20 yanvar 2021