Avropa Parlamenti Navalnının dərhal azad olunması tələbilə qətnamə qəbul etdi

Avropa Parlamenti Rusiyadan müxalif siyasətçi Aleksey Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edir.

 

Avropa Parlamentinin cümə axşamı keçirilən plenar iclasında bu tələbin əks olunduğu qətnamə qəbul edilib.

 

RİA Novosti-nin verdiyi məlumata görə, deputatlar Avropa Birliyindən Navalnının həbsinə cavanb olaraq “dərhal Şimal axını 2” layihəsinin əngəllənməsini, habelə Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin “gücləndirilməsini” tələb ediblər.

 

Avropa Parlamentinin 581 deputatı qətnamənin lehinə, 50 nəfər əleyhinə səs verib, 44 nəfər bitərəf qalıb.

 

Yanvarın 18-də Moskvanın  Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.

 

Ötən ilin avqust ayında  Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.

 

Basta