Ermənistan işğal edilmiş əraziləri Azərbaycana qaytarmaqda davam edir

Cümə günü Nerkin Xndzoresk kəndi yaxınlığında bir neçə mövqe Azərbaycana keçib. Fevralın 4-də Ermənistan Silahlı Qüvvələrinin döyüş növbətçiliyi daşıyan bölmələri azərbaycanlıların tutduqları bəzi mövqelərdən uzaqlaşıblar. Kənd evlərindən yaxınlıqdakı düşmən mövqelərinə qədər məsafə indi bir neçə yüz metrdir, – icma rəhbəri Yervand Maluns “Sputnik” Ermənistana bildirib.

 

Xəbər verildiyi kimi, Ermənistan Silahlı Qüvvələri dünəndən Nerkin Xndzoresk kəndi yaxınlığındakı mövqeləri azərbaycanlılara təhvil verirlər. Bu barədə “Dejavu” teleqramı öz mənbəyinə istinadən yazıb.

 

Dünən məlumat yayılıb ki, azərbaycanlılar Ermənistanın Sünik (Azərbaycan coğrafiyasında Zəngəzur) vilayətində Nerkin Xndzoresk icması ərazisində dövlət sərhəddinin yerini GPS vasitəsilə müəyyən edirlər. Sünik vilayəti icmalarının rəhbərləri məsələni öz səylərilə həll etməyə çalışırlar, çünki Ermənistan hökumətinin heç bir nümayəndəsi delimitasiya işlərinə cəlb olunmayıb.

 

Azərbaycan tərəfi baş verənləri şərh etmir, əvvəllər Bakı analoji hadisələri 2020-ci ildə baş vermiş müharibənin nəticələrinə görə dövlət sərhəddinin bərpası ilə izah edirdi.

 

Bir müddət əvvəl icma rəhbəri Facebook-da “azərbaycanlılar tərəfindən kəndin ələ keçirilməsi” barədə KİV və sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib. O bildirib ki, orada heç bir azərbaycanlı yoxdur.

 

Doxsanıncı illərdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması erməni əhalisinin etiraz aksiyalarına səbəb olur. Vətəndaşlar yolları bağlayaraq onları hüquqlarından, ev və təhlükəsizlikdən məhrum edən  sərhəd  və “qanunsuz demarkasiya” probleminin həllini tələb edirlər.

 

Əsasən Qafan-Gorus yolunun bir hissəsi, həmçinin bir neçə kənd, o cümlədən David bəy, Vorotan və Şurnux kəndləri ilə əlaqədar vəziyyət daha da gərginləşib. Heç bir halda etirazçıların tələbləri Bakı tərəfindən təmin edilməyib və Yerevan tərəfindən dəstəklənməyib.

 

Turan