Suqovuşanda erməni tərəfi ilə görüş barədə məlumat təkzib edildi

Fevralın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan mənbəərinin DTX sədri Əli Nağıyevin Suqovuşan kəndində Ermənistan MTX-nin rəhbəri Abazyan, Qarabağ separatçılarınınlideri Araik Arutyunyan və Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovla görüşünün keçiriləcəyi barədə məlumatlarını təkzib edib.

 

“Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcəkdir”, deyə DTX-nin məlumatında bildirilir.

 

DTX KİV-i ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır.

 

Xatırladaq ki, Ermənistan KİV-lərində fevralın 18-də Ermənistanın Vatikanda keçmiş səfiri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni olan Mikael Minasyana istinadla adı çəkilən şəxslərin gözlənilən görüşü haqqında məlumat yayılıb.