Müsavat hərbçilərin maaşlarının bərpasını tələb edir
Fevralın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurumun mərkəzi qərargahında baş tutan toplantıda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Müsavat başqanı Arif Hacılı ötən həftə ərzində Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında partiya rəhbərliyinin və bir qrup fəalın şəhidlərimizin məzarlarını ziyarət etməsi barədə məlumat verib. Qeyd edib ki, bundan sonra o özü və ziyarətdə iştirak edən müsavatçılar qanunsuz olaraq polisə çağırılıb. Onlar ziyarət tədbirlərindən tibbi maskalardan istifadə ediblər, yalnız şəkil çəkil zaman maskaları əlində tutublar. Buna baxmayaraq “polis karantin qaydalarının pozulması”na görə ziyarətçilərin hər birinin barəsində protokol tərtib edib və 100 manat məbləğində cərimələyib.
Qeyd edilib ki, eyni gündə altı müxtəlif rayonda yerli polis idarələri və şöbələri tərəfindən həyata keçirilən bu əməliyyatın hakimiyyətin sifarişi ilə icra olunduğu şübhə doğurmur. Müsavat Partiyası bu hadisəni hakimiyyətin karantin rejimindən öz opponentləriniə qarşı istifadə etməsinin davamı kimi qiymətləndirir. Qarabağ məsələsində birlikdən danışan hakimiyyətin karantin rejimini bəhanə edərək, əslində şəhidləri ziyarət etdiklərinə görə müxalifət nümayəndələrini cəzalandırması, onun riyakarlığını göstərir.
Müsavat Partiyası Azərbaycanda yüksək vəzifəli şəxslərin və deputatların bir qayda olaraq karantin rejiminə əməl etmədikləri halda, hər gün minlərlə sıravi vətəndaşın tibbi maska taxmadıqlarına görə kütləvi şəkildə polis idarələrinə aparılması və cərimələnməsini pisləyir, bu ayrı-seçkiliyə son qoyulmasını tələb edir.
Divanın iclasında Yuxarı Qarabağdakı son vəziyyət müzakirə edilib, separatçı hərəkatın başlamasının ildönümü ilə bağlı Xankəndində keçirilən tədbirlər pislənilib, Azərbaycan hakimiyyətindən buna sərt reaksiya verilməsi tələb edilib.
İclasda həmçinin cəbhə bölgəsində hərbi xidmətdə olan hərbi qulluqçuların maaşlarının 50 faiz azaldılması və hərbçilərə ezamiyyət xərclərinin ödənilməsinin dayandırılması pislənilib, hərbçilərin maaşlarının bərpası tələb edilib.
Basta