Müsavat Partiyası məcburi köçkünlərin Qarabağa qaytarılması ilə bağlı təkliflərini açıqladı

 

Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı təkliflərini açıqlayıb. 

 

Partiya başqanı Arif Hacılı sənədi özünün feysbuk hesabında paylaşıb:

 

“Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə erməni- rus hərbi birləşmələri tərəfindən işğal edilərək yaşayış məntəqələri dağıdılmış, meşələri qırılmış, təsərrüfatı yararsız hala gətirilmiş ərazilərimiz 44 günlük müharibə zamanı Şanlı Ordumuzun şücaəti nəticəsində azad edildikdən sonra o ərazilərin əsil sahiblərinin ata baba yurduna ən qısa müddətə geri dönməsinin təşkil edilməsi dövlətin qarşısında duran ən önəmli vəzifələrdən biridir.

Bu proses yerli əhalinin istək və arzuları nəzərə alınmaqla, müvafiq infrastrukturun yaradılması, vətəndaşların təhlükəsizliyinin tam təmin edilməsi şərti ilə, sürətlə həyata keçirilməlidir.

 

Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərimizin bərpa olunub yenidən məckunlaşdırılması üçün paralel olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.

 

1.İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi;

 

2. İşğaldan azad edilmiş ərazilərdə yol, işıq, su, qaz və digər kommunikasiyaların qurulması;

 

3. Dövlət Statistika Komitəsinin(DSK) və yerli İçra hakimiyyəti strukturlarının siyahıları əsasında işğal olunan ərazilərdə yaşamış əhaliyə məxsus olmuş həyatyanı torpaq sahələri, oradakı daşınmaz əmlakın və diğər mülkiyyətin, həmçinin ərazilər üzrə dövlət tikililərinin siyahısı, o zaman mövcud olmuş kolxos və sovxozların, örüşlərin, yaylaqların, meşələrin, su hövzələrinin və.s əraziləri barədə məlumatların dəqiqləşdirilməsi;

 

4.DSK və ərazi İcra Nümayəndəliklərinin siyahıları əsasında hazırkı dövrdə əhalinin sayı, eləcə də onların törəmələrinin sayı barədə məlumatların dəqiqləşdirilməsi;

 

5.Bu siyahılar əsasında torpaqların sahiblərinə qaytarılması. Daşınmaz əmlakın bərpa edilməsi və ya onun dəyərinin ödənilməsi;

 

6. Dövlət torpaq fondundan yerli əhalinin törəmələrinə həyətyanı torpaq
sahəsinin ayrılması. Daşınmaz əmlakın tikilməsi üçün dövlət yardımının təmin edilməsi;

 

7.Struktur vahidlərində qalan torpaq
sahələrindən, mövcud qanunvericiliyə uyğun olaraq dövlət və ya bələdiyyə ehtiyat fondları ayrılıqdan sonra, qalan sahələrin əhalinin sayına bölünməklə hər nəfərə düşən pay torpağının müəyyənləşdirilib, Azərbaycanın digər ərazilərində həyata keçirilən torpaq islahatı prinsipləri əsasında əhaliyə vetilməsi;

 

8. Kəndlərin birləşdirilməsində yerli əhalinin rəyi, sakinlərin təhsil, səhiyyə, sosial və təhlükəsizlik təminatının nəzərə alınması;

 

9. Sərhəd bölgələrindəki yaşayış məntəqələrinin qurulmasının strateji əhəmiyyəti nəzərə alınmalı, yerli əhalinin təhlükəsizliyi ilə yanaşı ölkənin təhlükəsizlliyi nəzərə alınmalıdır.

 

10. Ərazilərin bərpası və məskunlaşması doğma torpağından uzun müddət kənarda yaşamaq məcburiyyətində qalmış yerli əhalinin rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilməlidir”.

 

Basta