İranda irqçiliyi tənqid edən azərbaycanlı jurnalist həbs edildi
Güney Azərbaycanlı jurnalist, “Maku Times” İnstagram səhifəsinin admini Yavər Sultani İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sultani iyulun 13-də günorta saatlarında Qərbi Azərbaycan əyalətinin Makı (Daşmakı) şəhərində “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, jurnalist iyulun 2-də Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəlinin qaldırılması ilə bağlı yaydığı reportaja görə tutuqlanıb.
Reportajda Sultani anti-türk və anti-ərəb xarakteri ilə tanınan 10-11-ci əsrlərdə yaşamış Firdovsinin irqçi məzmunlu şeirlərindən nümunələr gətirərək irqçiliyin dünyanın hər yerində olursa olsun məhv edilməsinin zəruri olduğunu vurğulamışdı.
Azərbaycanlı jurnalist həmçinin afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-da və Avropada irqçiliyə qarşı etiraz aksiyalarını, bu etirazlar nəticəsində irqçi hesab edilən bir çox şəxsiyyətlərin heykəllərinin götürülməsini xatırladaraq irqçiliyi əks etdirən Firdovsi heykəlinin bir daha Makıda ucaldılmamasını ümid etmişdi.
Reportajın yayılmasından sonra Makı Şəhər Şurası açıqlama verərək heykəlin təmir və bərpa işləri ilə əlaqədar qaldırıldığını bildirdi. Daha sonra isə həmin heykəl əvvəlki yerinə qaytarıldı.
“Sepah”ın kəşfiyyat əməkdaşları iyulun 10-da azərbaycanlı jurnalisti çağıraraq “Maku Times” səhifəsində paylaşdığı reportajın qaldırılmasını tələb ediblər, lakin Sultanı postu silməkdən imtina edib.
Makı Azad Universitetində inşaat üzrə təhsil alan Yavər Sultani son illərdə “Maku Times” İnstagram səhifəsində Azərbaycan və Makı şəhərinin problemlərini əks etdirməyə çalışıb.
Qeyd edək ki, 2015-ci ildə Qərbi Azərbaycanın Salmas şəhərində də bənzər hadisə baş vermişdi. Belə ki, Firdovsi heykəlinin Salmas bələdiyyəsi tərəfindən şəhər meydanlarının birindən götürülməsi İran qəzetləri və xəbər agentlikləri, eləcə də ölkə daxili və xaricində fəaliyyət göstərən millətçi qrupların geniş reaksiyasına səbəb olmuşdu. Bundan sonra həmin dairələrin təzyiqi nəticəsində heykəl yenidən əvvəlki yerinə qaytarılmışdı.
Gunaz.tv