Xankəndi – Bermud üçbucağı

 

2020-ci ilin 10 noyabr gecə yarısı xalqın nəfəs kəsən sevinc sədaları hələ də qulaqlarımda səslənir. Laçınlı qonşunun cavan oğlunun “Ura, biz qalib gəldik! Qarabağı qaytardıq, qələbə bizimdir, biz qələbə çaldıq!” − deyərək var səsi ilə bağırtılarına yuxudan oyanıb, televiziyada hündürdən səslənən Qələbə Müqaviləsinin maddələrinə qulaq asmağa başladım.

 

Yarıyuxulu halda eşitdiyim cümlələrin arasında “rus”, “rus sülhməramlıları”… sözləri qəribə bir təşviş qarışıq təəssürat yaradırdı. Qeyri-ixtiyari “Nə rus?”, “Nə rus sülhməramlısı?” fikri daxilimdə özünə yer aldı.

 

Bəlkə bizi aldatdılar, bəs özlərini fəda edənlərimiz, onların tökülən qanları necə olsun? Həmin andan başlayaraq bu günə qədər də beş illik limitə malik bu qüvvələrin niyə belə təşviş yaratdığını qəribliyə salmaq olmaz. Tariximizi mükəmməl bilənlərə yaxşı məlumdur ki, bunlar o qüvvələrin varisləridir ki, 1920-ci ilin aprelin 27-də Azərbaycanı ikinci dəfə Qarabağda tətbiq etdikləri “erməni qiyamı” kartı ilə işğal etdilər.

 

Bəs indi niyə bu Xankəndi söhbəti bitmək bilmir? Şuşa azad ediləndə Xankəndində yaşayan ermənilər ev əşyaları ilə birlikdə oranı tərk edib, İrəvana yığışdılar. Güldən ağır bir söz eşitməyən erməniləri, guya onların təhlükəsizliyini təmin etməyi öhdəsinə alan sülhməramlılar xüsusi dəbdəbə ilə İrəvandan qaytarıb yenidən Xankəndinə yığdılar. Belə bir sual yaranır − hal-hazırda Bakıda yaşayan ermənilərin təhlükəsizliyi haqqında niyə narahat olmursunuz? Yoxsa onlar erməni millətinə mənsub deyillər? Azərbaycanın paytaxtında rahat həyat sürənlər də Xanəndində olan ermənilərdən deyilmi?

 

Həqiqəti deməyə çalışanların ağzından vurmaq lazım deyil. Onlara dəstək verərək, bildirmək lazımdır ki, bu xalq yiyəsiz deyil. Onu siyasi hiylələrin qurbanına çevirmək tarixdə dəfələrlə baş verib. Bir sözlə Rusiya Azərbaycanı zəiflətmək xəttində həmişə ermənilərdən istifadə edib. Bu işlərin yeni bir formasıdır ki, Qarabağ xanı İbrahim xanın istirahət etdiyi kənddəki ermənilərə kimsəsiz, təhlükəyə məruz qalan qiyafəsi geyindirərək, guya onların qorunmağa ehtiyacları var kimi mülahizələr yaradıb, regionda qalmaq bəraəti əldə edirlər.

 

Bəli, Rusiya elə bir dövlətdir ki, tarix özü bunu deyir onun üçün ki, ona arxa çevirsən səni vuracaq, gərək onunla üzbəüz dayanasan. Rusiya ilə ehtiyatlı olmağı tövsiyyə edənləri ilk əvvəllər hay-küylə qarşılayanlar indi özləri rus sülhməramlıları haqqında müəmmalı qınaq reaksiyası verirlər.

 

M.F.Axundovun “Hacı Qara” əsərində taxıl biçinindən qayıdan Tuğ erməniləri ilə Hacı Qaranın dialoqunun mahiyyəti ondan ibarətdir ki, tarixən bir ərazidə yaşamış bu iki xalqın nümayəndələrində bir-birinə qarşı hansısa bir qüvvə tərəfindən yaradılmış qorxu hissi var. Həmin o qorxu hissi davam etdirilir ki, bu gün də Xankəndindəki erməniləri azərbaycanlılardan “qorumaq” adı altında o ərazini  Bermud üçbucağına çeviriblər.

 

Canlarını doğma Vətənin 30 illik işğaldan azad edilməsində əsirgəməyən şəhidlərimizin ruhları qarşısında məsuliyyət hissini itirmək yox, həqiqətə sığınmaq lazımdır. Həmin o gənclərimizdir ki, Zori Balayanın oğlu belə bir müsahibə vermişdi: “Mən Hadrut dağlarından azərbaycanlıların Şuşa uğrunda necə döyüşdüklərini  müşahidə edirdim. Ölənlərin yerinə yüz, min, min beş yüzü gəlib əvəz edirdi.  Bunlar heç cür bitib tükənmirdilər”.

 

Nəzakət  Muradova