Putinin sözçüsündən “İsgəndər” açıqlaması

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda Azərbaycan hərbçilərinin İskəndər raketlərinin parçalarının tapması barədə Rusiya Müdafiə Nazirliyinin Prezident Putinə məruzə edib-etməməsindən xəbərdar olmadığını bildirib.

 

“Xeyr, anladığım qədər bu, yeni bir məlumatdır,” – Peskov deyib.

 

“Bizim hərbçilərimizdə bu məsələyə dair hansısa təfsilatlı məlumatın olub-olmadığı, hərbçilər tərəfindən məruzə edilib-edilmədiyi mənə məlum deyil. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətlərinə aiddir,” – Kreml rəsmisi vurğulayıb.

 

TASS qeyd edib ki, Peskov 2020-ci ilin payızında “Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı İskəndər raketlərindən istifadə olunmadığını xatırladıb”.

 

“Bu [raketlərdən istifadə olunmaması] təsdiqlənib,” – TASS Dmitri Peskovun sözlərini iqtibas edib.

 

Peskov deyib ki, Azərbaycan tərəfinin aşkar etdiyi raket qırıntılarının nə yolla orada peyda olmasından Kreml “xəbərsizdir.”

BBC