Müsavat fəalına və onun qohumuna ümumilikdə 40 sutka həbs cəzası verildi – Video/Yenilənib
Bu gün Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanova 20 sutka həbs cəzası verilib. O, psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206 maddəsi ilə təqsirli bilinib.
Onuna birlikdə Nizami Süleymanovun qardaşı oğlu Akif Süleymanov da 20 sutka həbs cəzası alıb.
Nizaməli Süleymanov “Basta” əməkdaşına açıqlamasında qərarın onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib: “Müxtəlif üsullarla məni təhdid edib Müsavatdan çıxmağımı istəyirlər. Çıxmadığım üçün cəzalandırırlar”.
O, son dövrlərdə təzyiqin ən müxtəlif üsulları ilə üzləşdiyini, o cümlədən yaşadığı evdə qazın kəsildiyini bildirib:
Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında Nizaməli Süleymanovun 30-cu polis bölməsinə çağırılması, ondan mənsub olduğu partiyadan istefa verməsi və müxalifətçiliyə son qoymasının tələb olunması, polisin siyasətə kobud müdaxiləsi kimi qiymətləndirilib. Müsavat Divanı polisin siyasətə müdaxiləsinə və müxalifət fəallarına qarşı təzyiqlərə son qoyulmasını tələb edib.
Müsavatın mətbuat xidməti partiya fəalına və onun qohumuna inzibati cəzanın verilməsini Azərbaycanda repressiyanın davamı kimi qiymətləndirib və onların dərhal azadlığa buraxılmasını tələb edib.
***
Bu gün Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanov 30-cu Polis bölməsinə çağırılıb. Bu haqda rayon təşkilatının sədri Arzulla Bulud məlumat verib.
“O, saat 9-30-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. Oradan rayon polis idarəsinə aparılacağı deyilir. Ona müxtəlif vasitələrlə təzyiq edilir, müxalifətçilikdən əl çəkmək tələb olunur” – deyə partiya funksioneri qeyd edib.
Xatırladaq ki, Nizaməli Süleymanov bundan əvvəl fevralın 25-də bir qrup partiya fəalı ilə birgə polisə aparılaraq, təzyiqlə üzləşmişdi.
Suraxanıda müsavatçılara qarşı təzyiqlərin artması Rayon Polis İdarəsinin yeni rəisi Süleyman Nemətovun “özünü göstərmək və daha böyük vəzifə almaq istəyi” ilə əlaqələndirilir. Qeyd edək ki, Süleyman Nemətovun saxlanılan şəxslərə işgəncə verməsi ilə əlaqədar Avropa İnsan Haqlara Məhkəməsində Azərbaycana qarşı azı iki qərar qəbul edilib, daha bir neçə şikayət icraatdadır.
Basta