Hakim müsavatçını həbs etmək üçün keçirilməyən ekspertizaya “əsaslanıb”
Vəkil Nemət Kərimli həbsdə olan Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovla görüşüb. “Basta”ya açıqlamasında vəkil bildirib ki, müdafiə etdiyi şəxslərin qanunsuz həbsi ilə bağlı apelyasiya şikayəti hazırlanır.
“Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyev onların barəsində İnzibati Xətalar Məcalləsinin 206-cı maddəsi ilə həbs qərarı çıxarıb. Hakim bu qərarı elan edərkən tibbi ekspertizanın qərarına istinad edib. Guya tutulan şəxslərin qan analizi onların narkotika istifadəçisi olduğunu üzə çıxarıb. Lakin müdafiə etdiyim şəxslər bildirir ki, ümumiyyətlə belə bir ekspertiza keçirilməyib” – deyə, Kərimli qeyd edib.
Nizaməli və Akif Süleymanovlar evdən polisə çağırılaraq siyasi motivlə tutulduqlarını, onların hər hansı bir ekspertizadan keçirilmədiklərini məhkəmə də bildiriblər. Lakin hakim buna məhəl qoymayıb.
Aprelin 5-də Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanova 20 sutka həbs cəzası verilib. O, psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206 maddəsi ilə təqsirli bilinib.
Onuna birlikdə Nizami Süleymanovun qardaşı oğlu Akif Süleymanov da 20 sutka həbs cəzası alıb. Nizaməli Süleymanov qərarın onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib: “Müxtəlif üsullarla məni təhdid edib Müsavatdan çıxmağımı istəyirlər. Çıxmadığım üçün cəzalandırırlar”.
Müsavat Partiyası hər iki şəxsin həbsini Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirib və onların azadlığa buraxılmasını tələb edib.
Suraxanıda müsavatçılara qarşı təzyiqlərin artması Rayon Polis İdarəsinin yeni rəisi Süleyman Nemətovun “özünü göstərmək və daha böyük vəzifə almaq istəyi” ilə əlaqələndirilir. Qeyd edək ki, Süleyman Nemətovun saxlanılan şəxslərə işgəncə verməsi ilə əlaqədar Avropa İnsan Haqlara Məhkəməsində Azərbaycana qarşı azı iki qərar qəbul edilib, daha bir neçə şikayət icraatdadır.
Mustafa Hacıbəyli
Basta