İlham Əliyevin “İsgəndər M” açıqlaması: “Cavab ala bilməmişik, amma alacağıq”
Ölkə başçısı İlham Əliyev istehsalçı tərəfindən ixrac edilməsi qadağan olan və Rusiya silahlı qüvvələrinin silahları arasında olan İsgəndər-M raketlərinin Ermənistana verilməsi haqqında açıq sual verib.
“Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi”, deyə Əliyev bu gün Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.
“Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”, deyə o qeyd edib.
Dövlət başçısı “İsgəndər-M” raketlərinin Şuşaya şəhər azad edildikdən sonra atılmasına diqqət çəkib.
“Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik”.
Ötən ilki 44 günlük müharibə zamanı İsgəndər-M raketlərindən istifadə edildiyi bu yaxınlarda, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Şuşa şəhəri yaxınlığında İsgəndər raketlərinin elementlərini aşkar etdikdən sonra məlum olub.