Müsavat Divanının iclası keçirilib

Aprelin 26-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat dinlənilib.

 

Aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal olunmasının 101-ci ildönümü ilə əlaqədar video-konrfansın keçirilməsi barədə qərar qəbul edilib.

 

Rusiya sülhməramlı qüvvələrinin mayın 9-da Xocalıda parad keçirmək planlarına sərt etiraz bildirilib. Qeyd edilib ki, Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində hərbi parad keçirməsi dövlətimizin suverenliyinə qəsd kimi qiymətləndirilməlidir. Azərbaycan hakimiyyətindən bu məsələdə prinsipial mövge ortaya qoyması,  paradın qarşısının alınması üçün tədbirlər görməsi tələb olunub. Separatçı rejimin rəhbəri Araik Arutunyanın Moskvaya dəvət edilməsi pislənilib. Qeyd edilib ki, rəsmi Bakı buna sərt reaksiya verməli,  Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası təqdim etməlidir.

 

İclasda ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması pislənilib, bu bəyanatın heç bir əsası olmadığı və regionda sülh prosesinə ağır zərbə vurduğu qeyd edilib.

 

Divan Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30 illik yubileyi ilə bağlı bayram tədbirlərinin keçirilməsi haqda qərar qəbul edib. Ölkə hakimiyyətindən bu bayramın dövlət səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul etməsi tələb olunub.

 

Sonda cari məsələlər müzakirə olunub.