Şəhidlərimiz milli dəyərimizdir

 “Oyuncaq atəşkəs illəri” deyə biləcəyimiz dövrdə iyul günlərindən biri idi. Yayın çox isti günlərində hər kəs öz imkanı daxilində hardasa dincəlirdi. İşdə internetdə məlumatları izləyirdim. Qəflətən verilən məlumat məni sarsıtdı: “Erməni hərbçiləri cəbhə bölgəsində atəşkəsi pozublar. Beş əsgərimiz şəhid olub”. Saytın sonrakı məlumatında isə bildirirdi ki, müdafiə naziri Zakir Həsənov Antalyada istirahətdədir.

 

Bayaq dediyim kimi, göydən od yağırdı. Bunun nəticəsində şəhərdə yaranan seyrəklik insanda bir tənhalıq hissi yaradırdı.  İş yoldaşım olan qadın mənim kompüter arxasında yanağımdan axan göz yaşlarına baxıb dedi: “Anam da sənin kimi  televizorda bir xəbər eşidəndə ağlayırdı…”

 

Şəhid üçün ağlamaqdan başqa bir çarəmi var? Kainatın ən qüdrətli varlığı saydığım şəhid atası, şəhid anası “Övladımın şəhidliyi ilə qürur duyuram. Vətən azadlığı uğrunda həlak olub!” deyir. Hələ də müharibə ərazilərində cəsədləri qalan şəhidlər intizarla yol gözləyirlər. Onlar bizim milli dəyərlərimizdir.

 

… Həyat öz axarına düşmək üzrədir. İşləyirik, istirahət edirik, yeyib-içirik. Toy şənliyi də təşkil edirik. Nə qədər kədərlənsək də, işğal olunmuş ərazilərdə aparılan bərpa işlərinə görə qismən də olsa təsəlli tapırıq, bütün bunlardan ötrü qurbanların qaçılmazlığını qəbul edirik.

 

Amma bəzən elə hadisələr də baş verir ki, ağıl bunu qavramaq gücündə deyil. Öz yurddaşı tərəfindən Şəhidin ələ salınmasına, təhqir edilməsinə ad tapmaq çox çətindir. Mənə elə gəlir ki, bunu edən şəxs psixi xəstədir. Əgər belədirsə, onu döymək qəddarlıqdır. İnanmaq mümkün deyil ki, bu işıqlı dünyasını Vətənə qurban verən vətən oğlunu aşağılayan şəxs normal ağıl sahi ola. Ona görə də həmin insanı birinci növbədə həkimə yoxlatmaq lazımdır. Xəstə sayılmazsa, onda gen problemi var.

 

Bir şikayət yerimiz də var − vətənpərvəlik hissinin təlqin olunmadığı təhsil müəssisələri. Belə davam eləsə, şəhidlər bizi qınayar.

 

Nəzakət Muradova