Müsavat başqanının Ramazan təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Ramazan ayı Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlman dünyasının ən müqəddəs aylarından biridir. İnanclı insanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar.
Ramazan ayında oruc tutan, Allaha dua edən inanclı insanların duaları Allahın dərgahında qəbul olunsun.
Təssüf ki, bu il də bayram günlərimizi dünyada tüğyan edən, bəşəri bəla olan pandemiya şəraitində qarşılayırıq.
İnanıram ki, xalqımız bütün dövrlərdə olduğu kimi bu sınaqdan da güclü çıxacaq.
Bu il Ramazan Bayramı uzun illərdən sonra yenidən Milli Ordumuzun işğalçılardan azad etdiyi Qarabağ torpaqlarında da qeyd ediləcək.
Azərbaycanın dilbər guşəsi Şuşada bayram namazı qılınacaq. Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir.
Bu böyük qələbəyə Azərbaycan Azadlıq Ordusunun rəşadətli mübarizəsi, xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq.
Müqəddəs bayram günündə Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə isə şəfa diləyirəm.
Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, xoşbəxt gələcəyimiz naminə əzmkarlığımızı artıracağımıza inam hissi ilə hamınızı müqəddəs Pamazan Bayramı münasibəti ilə təbrik edir, Sizə xoşbəxtlik və uğurlar arzulayıram.
Tanrı yardımçımız olsun!”