Ermənistan-Azərbaycan sərhədinə Rusiya hərbçiləri yerləşdirilir

Qubernator rusiyalı sərhədçilərin sərhəd boyunca nə zaman yerləşdiriləcəyini açıqlamayıb, bunun bir neçə günə gerçəkləşəcəyini deyib

Rusiya hərbçilərinin bir hissəsi artıq Ermənistanın Geğarkunik vilayətindədir. Müəyyən mərhələdən sonra onlar sərhəd boyunca yerləşdiriləcəklər. AzadlıqRadiosunun məlumatına görə, bunu vilayətin qubernatoru Qnel Sanosyan iyulun 7-də mətbuat konfransında deyib.

 

“Birgə proses gedir, rusiyalı tərəfdaşlarımızın bir hissəsi, hərbçilər artıq regiondadır. Müəyyən mərhələdən sonra onlar sərhəd boyunca yerləşdiriləcəklər. Ermənistan və Azərbaycan silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Bundan sonra danışıqlar prosesi gedəcək və müəyyən ərazilərdə düzəlişlər aparılacaq”, – o vurğulayıb.

 

Rusiyanın səfiri də sərhəddən danışır

 

Ermənistan-Azərbaycan sərhədində rusiyalı hərbçilərinin sayının artırılması üzrə müzakirələr davam edir. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Azatutyun radiosunun sualına cavabında deyib.

 

Diplomat hansı razılaşmaların əldə olunduğunu açıqlamayıb. Daha öncə Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan sərhədə müşahidəçilər yerləşdirilməsini təklif etmişdi.

 

“Bilirsiniz ki, Sünikdə artıq rusiyalı sərhədçilər yerləşdirilib. Ermənistan-Azərbaycan sərhədində rusiyalı sərhədçilərin postları qurulub. Məqsəd vəziyyətin sakit və sabit qalmasıdır”, – deyən Kopırkin yerli sakinlərin özlərini adət etmədikləri yeni şəraitdə təhlükəsiz hiss etməsinin çox vacib olduğunu söyləyib.

 

“Burada iştirakın genişləndirilməsi üzrə əsaslı müzakirələr, konsultasiyalar, həm də praktik planda aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizlik maraqlarına uyğun, sərhəddə sabitliyin təmin olunması, üçtərəfli formatda əldə olunmuş razılaşmaların reallaşması çərçivəsində aparılacaq”, – Kopırkin deyib.

 

Rusiya səfiri Azərbaycanda saxlanan ermənistanlı hərbçilərin qaytarılmasının Rusiya rəhbərliyi və Rusiya sülhməramlı qüvvələri üçün prioritetlərdən biri olduğunu deyib. İyulun 3-də Azərbaycana daha 15 erməni əsri qaytarılıb. Azatutyun indiyədək Azərbaycanın 103 erməni əsiri qaytardığını yazır.