Vəkilin Süleymanovlarla görüşünə icazə verilməyib
“Siyasi motivlərlə inzibati qaydada həbs edilən, sonra məcburi müalicəyə göbdərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Sülüymanovla görüşmək istəsəm də, buna icazə verilmədi”.
Bunu vəkil Nemət Kərimli özünün feysbuk səhifəsində yazıb. Səbəb kimi narkoloji müəssisənin direktorunun iş yerində olmaması göstərilib. Nemət Kərimli bunu hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının kobud pozuntusu olduğunu bildirib.
Qeyd edək ki, Müsavat Partiyası Nizaməli və Akif Süleymanovlara qarşı təzyiqlərin arxasında “müxalifətin qənimi” kimi tanınan polis zabiti Süleyman Nemətovun durduğunu bildirir.
Süleyman Nemətov 2020-ci il dekabrın 26-da Suraxanı rayonuna polis rəisi vəzifəsinə təyin edilib. O, yüksək vəzifədə olduğu rayonlarda müxalifətə, xüsusilə Müsavat Partiyasının üzvlərinə qarşı xüsusi amansızlığı ilə seçilib. Süleyman Nemətov 2011-ci ildə rəis müavini vəzifəsində işlədiyi Nəsimi rayonunda mitinqdə iştirak edənlərə, o cümlədən müsavatçılardan Tofiq Yaqubluya və Mustafa Hacılıya özü şəxsən işgəncə verib. Onların barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulması barədə Avropa Məhkəməsinin qərarı var, lakin indiyə kimi yerli məhkəmələr həmin işlərə yenidən baxmayıb. Süleyman Nemətov indi də Suraxanı rayonunda əməllərini davam etdirir.
Hövsan qəsəbəsində Zeytun sovxozu deyilən ərazidə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanovun şəxsi ferması var. 2021-ci il fevralın 14-də onun şəxsi fermasında partiyanın rayon təşkilatının “Zeytun” özəyinin iclası keçirilib. İclası yekunlaşandan sonra qardaşı oğlu Akif üç nəfər dostu ilə ora gəlib. Axşam 10 radələrində Nizaməli qonaqları yola salmaq üçün küçəyə çıxıb, bu zaman 3 mülki, 3 polis maşını ilə gələn polislər onları saxlayaraq karantin qaydalarını pozduqlarını deyib. 20-dən çox polis onun mülkiyyət hüququna zidd olaraq həyətə daxil olub, telefon ilə çəkiliş aparıblar, iclas keçirilmiş otağa daxil olub seyfi açıblar, qanunsuz olaraq orada axtarış edib, zibil qabından siqaret kötüklərini yığıblar. Nizaməli Süleymanovu, onun qardaşı oğlu Akif Süleymanovu və onun üç dostunu 30-cu polis bölməsinə aparıblar. Orada sahə rəisi bildirib ki, otağınızda partiya iclaslarının keçirildiyi barədə məlumatlar almışıq. Belə toplantıların keçirilməməsi barədə onlara xəbərdarlıq ediblər və saxlamanı karantin qaydalarının pozulması adı ilə rəsmiləşdiriblər.
Onlar bütün gecəni polis böıməsində saxlanılıb. Təxminən səhər saat 6-ya yaxın müxalifətçilərin saxlandığı kameraya bir neçə nəfər salıblar. “Qonaqlar” kamerada narkotikdən istifadə ediblər. Onlar təxminən səhər saat 10-00 da Respublika Narkoloji Mərkəzdə narkoloji ekspertizadan keçirilib və sidiklərində THC(+) mariaxuana aşkar edilməsi barədə ekspert rəyi verilib.
Süleymanovlar “müxalifətçilikdən əl çəkmək şərti” ilə sərbəst buraxılıb. Lakin onlar bundan sonra da siyasi fəaliyyətlərini davam etdirdikləri üçün, onlara qarşı planın ikinci hissəsi işə salınıb.
Aprelin 5-də səhər saatlarında sahə müvəkkili Nizaməli Süleymanova, qardaşı oğlu Akif Süleymanovu zəng edərək deyib ki, 30-cu polis bölməsinin rəisi onları qəbul etmək istəyir.
Vəkilin sözlərinə gorə, onları bölmənin həyətində və otaqda gözlədiblər, bəzi sənədlərə qol çəkidiriblər, latın qrafikası ilə oxuya bilmədikləri üçün məzmunu bilmədən imza ediblər: Axşamüstü hər ikisini Sabunçu Rayon Məhkəməsinə aparıblar. Burada, 20 sutka inzibati qaydada həbs və narkotik asılılığından məcburi müalicə təyin edilib. Süleymanovlar həbsdən çıxdıqdan dərhal sonra məcburi müalicəyə göndərlib.
Basta