Atəşkəsin pozulması və hakimiyyətin susqunluğuna Müsavatdan ETİRAZ
Müsavat Partiyası Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması və Azərbaycan hakimiyyətinin bunu susqunluqla qarşılamasına etiraz edir.
Partiyanın çərşənbə günü bununla əlaqədar yaydığı bəyanatda deyilir:
“İyulun 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozub. Bu dəfə Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətindəki mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulub, Azərbaycan ordusunun hərbi qulluqçusu İbadulla Məhsud oğlu Mərdanlı yaralanıb.
Bundan əvvəl Azərbaycan ordusunun Şuşa, Ağdam və digər ərazilərdəki mövqeləri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdən atəşə tutulmuşdu.
10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatın şərtlərinə görə Ermənistan ordusu Qarabağdan çıxmalı olsa da, bu müddəaya əməl edilmir. Azərbaycan ordusunun mövqelərinin son dövrdə dəfələrlə atəşə tutulması, Ermənistan tərəfinin 44 günlük müharibənin nəticələrini unutduğunu və yenidən azğınlaşdığını göstərir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı susqunlğunu qətiyyətlə pisləyir, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Müsavat Partiyası hesab edir ki, atəşkəsin pozulması hallarına Türkiyə-Rusiya Müşahidə Şurası rəsmi münasibət bildirməli, ümumilikdə atəşkəs rejiminə əməl olunmasına dair öz funksiyalarını yerinə yetirməlidir”.
Basta