Məhv edilmiş ailə – İbrahim Bayandurlunun yazısı
Milli Mətbuat Gününün növbəti ildönümündə mətbuatımızın əfsanəvi nümayəndələrindən biri olmuş mərhum dostumuz İbrahim Bayandurlunun məqalələrindən birini tərcümə və dərc etmək qərarına gəldik.
İbrahim Bayandurlu könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. Şuşanın müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanıb, uzun sürən xəstəlikdən sonra 2016-cı ildə vəfat edib.
Sizə təqdim etdiyimiz məqalə 2004-cü ildə BBC-nin rusca xidmətinin “Radiogündəliklər” proqramında dərc edilib (“История восьмая. Уничтоженная семья“).
______________________________________________________
Sizə danışacağım bu hekayə mənim döyüş yoldaşlarımdan birinin başına gəlib…
Söhbət adi, intelliqent bir azərbaycan ailəsindən gedir. Ailənin böyük oğlu Qarabağa döyüşməyə gedib… və həlak olub.
Ailənin ikinci oğlu qardaşının nümunəsini təkrarlamaq qərarına gəlir. Cəbhəyə yollanır, orada ağır kontuziya və güllə yarası alır. Onu Mingəçevirdəki klinikalardan birinə yerləşdirirlər.
Bu barədə xəbər valideynlərə çatan kimi, onlar dərhal, həkimlərin sözünə görə ölüm ayağında olan övladlarını görmək üçün yola düşürlər. Və paytaxtdan Mingəçevirə gedən yolda avtomobil qəzasına düşürlər. Hər ikisi həlak olur.
Qəza vaxtı komada olan oğlan birdən ayılır. Sonradan o, valideynlərinin ölümü haqda şəhadətnamələrlə özünün müalicə sənədlərini tutuşdurur. Və məlum olur ki, o, məhz valideynləri qəzaya düşdüyü an komadan ayılıb.
Bu, döyüşçünün psixikasına çox pis təsir edir. O heç cür adi sülh həyatına uyğunlaşa bilmir…
Bir dəfə o, məndən bir məsləhət istədi. Məsələ bundadır ki, onun qardaşının gənc xanımı var. Ərinin şəhid olmasında üç il keçməsinə baxmayaraq, o ərə getmirdi. Heyrətamizdir ki, Azərbaycan ənənələrindən çıxış edərək, həmin xanım bu oğlanla ailə qurmağa hazır olduğu barədə bir neçə dəfə ona işarə etmişdi.
Azərbaycanda belə adətlər var: əgər qardaş ölürsə, şəriyət qaydalarına görə, digər qardaşın onun arvadı ilə evlənməyə hüququ var, hansısa mənada, bu, hətta onun borcudur.
Amma o mənə dedi ki, heç cür bu kompleksi aşa bilmir, çünki ona öz bacısı kimi yanaşır. Və belədə xanım ondan başqa kişiyə ərə getmək üçün icazə istəyib. Mən təkidlə onu məcbur etdim ki, , buna icazə versin…
O mənə deyirdi ki, həyat onun üçün öz mənasını itirib. Qarşısına qoyduğu məqsədə çatmayıb – qardaşına görə qisas ala bilməyib və üstəlik valideynlərini də itirib. O, aldığı ağır yaraların ağrısına dözə bilmirdi.
O, tibbi narkotiklərdən istifadə edirdi. Narkomana çevrildi və dozanı aşaraq vəfat etdi.
Yəni, müharibə mənim gözlərim önündə bu yetkin insanların həyatına soxuldu, bir yetkin, patriarxal ailəni dağıltdı. Barbarcasına məhv etdi… Bu işıqlı bir insanı yalnız qisas arzusu ilə yaşayan bir nəsnəyə çevirdi… Bu dəhşətlidir…
Tərcümə: Mustafa Hacıbəyli
Basta