“COVİD-19 pasportu olmayanlara giriş qadağandır” – yeni qaydalar

Bu gündən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.

.

Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən də COVID-19 pasportu tələb olunacaq.

Baş nazir Əli Əsədovun bu barədə ötən ay imzaladığı qərar sentyabrın 1-dən tətbiq olunur.

Qərarda həmçinin bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

 

COVİD-19 pasportu necə yoxlanılacaq?

.

COVİD pasportu tələb olunan bütün yerlərin qarşısında polisin qoyulması “nəzərdə tutulmur” və bu iş “sahibkara tapşırılacaq”.

Monitorinq qrupları həmin yerlərdə monitorinq aparacaq və əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək.

.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində bildirmişdi ki, monitorinq qruplarına cəlb olunan polis əməkdaşları ticarət obyektlərinə və təhsil müəssisələrinə “həm mülki, həm də polis formasında” daxil olacaqlar.

Onun sözlərinə görə, təkrar qaydaları pozan sahibkarların “obyektlərinin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi” nəzərdə tutulur”.

Elşad Hacıyev qeyd edib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində də aparılacaq.

.

Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən “məsuliyyətə cəlb olunmayacaq”, lakin buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər “məsuliyyət daşıyacaq”.

COVİD-19 pasportu tələb olunan yerlərdə qayda pozuntusu aşkarlanarsa, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qətimkan tədbiri tətbiq olunacaq.

COVİD pasportunu e-təbib mobil tətbiqindən və my.gov.az portalından əldə etmək mümkündür. Üzərində Covid-19 pasportu olmayan şəxslərin vaksinasiyasını şəxsiyyət vəsiqəsi və ya ad və soyadın sistemə daxil edilməsi ilə yoxlamaq mümkün olacaq.

.

Xaricdə vaksinasiya olunan vətəndaşlar COVID-19 pasportunun Azərbaycanda tanınması üçün Səhiyyə Nazirliyinin “9301” qaynar xəttinə müraciət etməli və sənədlərini təqdim etməlidirlər. Səhiyyə Nazirliyi sənədlərin həqiqiliyini yoxladıqdan sonra məlumatlar sistemə daxil ediləcək.

.

BBC