Dünyəviliklə terrorun Əfqanıstan cəbhəsi

Mustafa Hacıbəyli

 

ABŞ Əfqanıstana girməzdən əvvəl də bura bir terror yuvası idi.
2001-ci ildə ABŞ-da törədilən 11 sentyabr terror aktları nəticəsində 3 mindən artıq dinc sakin öldürülmüşdü və o zaman terror yuvası olan Əfqanıstana qoşun yeridilməsinə beynəlxalq birlik, o cümlədən Azərbaycan heç bir etiraz etməmişdi. Çünki bu, labüd idi, terrorun dünyaya meydan oxumasını cavabsız qoymaq, qarşısından geri çəkilmək olmazdı.

 

Terror yuvaları tək Amerika üçün yox, bütün dövlətlər üçün təhlükədir. Əgər qarşılarında Amerikanı, Avropanı, Türkiyəni görməsələr, bizim kimi kiçik dövlətləri tum kimi çırtlayarlar. Əgər Amerikanın mərkəzində dinc sakinlərə qarşı bu cür qətliamı törədə bilirlərsə, görün başqa dövlətlərdə nələr edərlər?! Onlar Azərbaycan kimi dövlətlərdən illik bac tələb edər, ödəməyənlərin başına od yağdırarlar.

 

ABŞ, trilyonlarla pul xərcləyərək, bu terror yuvasını 20 ildir zərərsizləşdirmişdi. ABŞ-ı bir şeyə görə qınamaq olar ki, niyə daha 20 il nəzarətdə saxlamadı, niyə o trilyonları əsirgədi?

 

İndi “işid”indən tutmuş, “əl-qaidə”sinə kimi bütün cihadçılar Əfqanıstanda toplaşacaq, görün dünyanın başına nə oyun açacaqlar.

 

Qrant almıram, ABŞ-dan heç bir asılılığımız yoxdur, Azərbaycanın qeyri-demokratik rejimiylə əməkdaşlıq etdikləri üçün respublikaçıları da, demokratları da qınayıram, təəssüf edirəm ki, ABŞ-da demokratik dəyərləri dövlət maraqlarından üstün tutan bir ideyalı siyasətçi hakimiyyətə gəlmir. Amma bütün bunlara rəğmən unutmamalıyıq ki, bu qarşıdurma dünyəviliklə terrorçuluq arasındadır, dəyərlərə sadiq qalmalıyıq, üstəlik, özümümzün və övladlarımızın təhlükəsizliyi naminə dünyəviliyi müdafiə etməliyik və edirəm.