“Hakimiyyət “Pandora sənədləri” ilə bağlı xalqa izahat verməlidir” – Müsavatdan tələb
Oktyabrın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə ötən ay ərzində rayon təşkilatlarında keçirilən toplantılar haqqında kuratorların məlumatı dinlənilib.
Oktyabrın 11 Müsavat Partiyasının təsis edilməsinin 110 ili tamam olur.
Bununla əlaqədar olaraq oktyabrın 10-da, bazar günü saat 15:00-da partiya yetkililərinin və ziyalıların iştirakı ilə onlayn Dəyirmi Masanın keçirilməsi barədə qərar qəbul olunub. Oktyabrın 11-də saat 12:00-da isə partiyanın rəhbərliyi və fəalları Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət edəcəklər.
İclasda Qarabağdakı son durum, Ermənistanla sərhəddə vəziyyət və Azərbaycan-İran münasibətlərində artan gərginlik müzakirə olunub.
Qeyd edilib ki, İran Xankəndindəki separatçı rejimi yanacaq və digər mallarla təmin edir, Azərbaycan tərəfinin haqlı olaraq bunun qarşısını almaq üçün göstərdiyi səylərə Tehran təhdidlərlə cavab verir. Müsavat Partiyası xüsusilə İranın dini lideri Əli Xamneyinin Azərbaycan Respublikasını dolayısı ilə təhdid etməsini qətiyyətlə pisləyib, belə məsuliyyətsiz çıxışlara son qoyulmadın tələb edib.
İclasda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) tərəfindən oktyabrın 3-də açıqlanan “Pandora sənədləri” kimi tanınan araşdırma barədə məlumat verilib. Araşdırmaya görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev və onun yaxınları ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu məlumatlarla bağlı xalqa izahat verməsini, hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırmaya başlamasını tələb edir.
Sonda cari məsələr müzakirə olunub.