“Qarabağ” tarix YAZDI

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” – “Qarabağ” matçı Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı ağdamlılar açıb. İbrahima Vadci 58-ci dəqiqədə fərqlənib.

Bundan 10 dəqiqə sonra “Kayrat” hesabı bərabərləşdirib. Kante 68-ci dəqiqədə status-kvonu bərpa edib.

Meydan sahiblərinin bərabərlik sevinci 4 dəqiqə çəkib. Abdulla Zubir 72-ci dəqiqədə baxımlı qolla “Qarabağ”ı yenidən önə çıxarıb.

Qarşılaşmada başqa qol olmayıb və “Qarabağ” qalib gəlib.

 

Qrupun Kiprdə keçirilən digər oyununda yerli “Omoniya” İsveçrə “Bazel”ini qəbul edib. Oyunda qalib müəyyənləşməyib, Unukal.az məlumat verir.

 

1:1 hesablı heç-heçə “Omoniya”nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itirib.

 

Bununla da həm “Bazel”, həm də günün ilk matçında “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupdan çıxmağı təmin edib. Qurban Qurbanovun yetirmələri Azərbaycan futbolu tarixində qrup səddini adlayaraq mövsümün ikinci hissəsində mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.

 

Tarix yazan “Qarabağ” “Omoniya”nın xal itirməsi ilə qrupdan çıxıbsa, “Bazel”in büdrəməsi ilə liderliyə yüksəlib.

 

Təmsilçimiz “Bazel”lə mübarizədə birinci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.

 

Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də “Bazel”in qonağı olacaq.