İstanbulda türkdilli ölkələrin sammiti keçirilib
Noyabrın 12-si Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev qatılıblar.
Sammitdə İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olunub. Zirvə görüşünün sədri Rəcəb Teyyub Ərdoğan ordeni təqdim edərkən dövlət başçısına bunları deyib: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.
Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib.
Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajı həkk edib. Qarabağ zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.
İlham Əliyev, Şövkət Mirziyayev, Qasım-Comərd Tokayev, Viktor Orbanın çıxış etdiyi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin çıxışının videoyazısı verilən sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərar qəbul olunub. Başqa bir qərarla Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Macarıstan əvvəldən qurumda müşahidəçidir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu il oktyabrın 3-ü Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Naxçıvanda imzaladığı sazişlə yaradılıb. 2019-cu il sentyabrın 14-də Özbəkistan qurumun üzvü olub.
***
Noyabrın 12-də İstanbulda türkdilli dövlətlərin liderlərinin sammiti başlayır. Azərbaycan dövlət başçısı İlham Əliyev, eləcə də digər türkdilli dövlətlərin rəhbərləri və Macarıstanın Baş naziri onun işində iştirak etmək üçün İstanbula gəliblər.
Bugünkü sammit “Türk Şurası”nın bir sıra mühüm təşəbbüslərini həyata keçirməlidir. Onlardan biri Qazaxıstan lideri Nursultan Nazarbayevin strukturun adının dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” qoyulması və Transxəzər marşrutu da daxil olmaqla tarixi İpək Yolunu böyük ölçüdə təkrarlayan “Turan Dəhlizi”nin yaradılması təşəbbüslərinə aiddir.
Türkdilli ölkələrin daha da yaxınlaşması amili həmçinin onların latın əlifbasına keçidi oldu.
Maraqlıdır ki, Macarıstan bu ilin yazında keçirilən sonuncu sammitdə hökumət başçısı səviyyəsində iştirak edib və Rusiya Türk Şurasının işində iştiraka maraq göstərib.
“Əgər proseslər indiki istiqamətdə davam edərsə, 2030-40-cı illərdə vahid bazarın və iqtisadi əməkdaşlıq məkanının formalaşması məsələsi qaldırıla bilər. Bu istiqamətdə atılacaq addımların strategiyası və baxışı İstanbulda rəsmiləşdiriləcək”, – deyə Əhməd Yasəvi Universitetinin professoru Cengiz Tomar bildirib.
Turan