Vaşinqton Bakıya: Azərbaycanlılar öz haqlarını ifadə etməyə layiqdir
ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə açıqlamasında son günlərdə Azərbaycanda müxalifət üzvlərinin kütləvi həbslərinə münasibət bildirib.
“Birləşmiş Ştatlar ifadə, assosiasiya və toplaşma kimi fundamental azadlıqları dəstəkləyir,” bəyanatda bildirilir. “Biz Azərbaycan hökumətini dözüm nümayiş etdirməyə, eskalasiya xarakterli yaxud zorakı əməllərdən çəkinməyə və fundamental azadlıqları dəstəkləməyə çağırırıq.”
Rəsmi Vaşinqton Azərbaycan hökumətini polis zorakılığı ilə bağlı məlumatları araşdırmağa və məsuliyyət daşıyan şəxsləri cavabdeh tutmağa çağırıb.
“Azərbaycan xalqı intiqam qorxusu olmadan öz haqlarını ifadə etməyə layiqdir,” bəyanatda qeyd olunur.
Xatırlatma
İyulun 14-də Bakıda minlərlə insanın Azərbaycan ordusuna dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.
Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.
“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.
Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.
“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” Əliyev deyib.
AXCP yürüşün təşkilatçısı olmadığını bildirib.
“Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı,” AXCP-nin bəyanatında deyilir.
Amerikanın səsi