AŞ-ın Azərbaycan üzrə məruzəçiləri həyəcan təbili çalır
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri ölkədə insan hüquqları sahəsində vəziyyətdən həddindən artıq narahatdır. Onların bu yaxınlarda Saleh Rüstəmovun azad edilməsi və Tofiq Yaqublunun vəhşicəsinə döylüməsinin araşdırılması çağırışı yer alan bəyanatına məhz bu səbəb olub. Bu barədə Turan-a müsahibəsində həmməruzəçilərdən biri, Avstriyalı deputat Ştefan Şennak Azərbaycanda baş verən son prosesləri necə qiymətləndirdiyi barədə suala cavabda bildirib.
“Bizim üçün yanvarın əvvəllərində Azərbaycana bir daha səfər etmək çox vacibdir. Saleh Rüstəmovun işi həddindən artıq narahatlıq yaradır, buna görə biz hakimiyyəti onu dərhal azad etməyə çağırdıq.
Tofiq Yaqublunun işi də böyük narahatlıq doğurur və biz ona məhəl qoymaya bilməzdik”, deyə o qeyd edib.
Azərbaycanda media haqqında yeni qanun qəbul etməyə hazırlaşırlar. Ekspertlərin fikricə, bu qanun jurnalistlərin hüquqlarını və söz azadlığını ciddi şəkildə məhdudlaşdıracaq. Venesiya Komissiyası öz rəyini bildirməsi mümkündür?
Bu suala cavabda Şennak deyib ki, AŞ Monitorinq Komitəsi bu sənədi qiymətləndirilməsi üçün Venesiya Komissiyasına göndərə bilər.
“Bu qanun layihəsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqa ümid edirəm. Dağlıq Qarabağ münaqişəsi başa çatıb və hakimiyyət dialoqa və müsbət fəaliyyətə qayıtmalıdır.
Bütün bunlarla yanaşı, vəkillik haqqında yeni qanun hüquq müdafiəçilərinin artıq öz işini yerinə yetirmək iqtidarında olmadığını göstərir”, deyə Şennak sonda qeyd edib.