MSDM Saleh Rüstəmlidən Brüsselə qədər

 

Milli Strateji Düşüncə Mərkəzinin toplantısında bölgəmizdə və dünyamızda baş verən bir sıra proseslər müzakirə edılib. Qurumdan “Basta”ya verilən məlumata görə, İlk növbədə Saleh Rüstəmlinin azad edilməsi zərurəti bir daha vurğulanıb və hakimiyyətə bu yöndə çağırış edilib. Söhbət dəyərli bir vətəndaşımızın, Qarabağ QAZİSİnin ölüm-dirim məsələsindən, həm də ölkəmizdə ən kəskin ictimai problemlərin anlaşma yolu ilə həlli imkanlarının qalıb-qalmadığından gedir.

 

MSDM həmçinin hesab edir ki, media azadlıqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, media strukturlarını və jurnalistləri hakimiyyətin rəsmi nəzarətinə alan yeni media qanununun parlamentdə qəbul prosesi dayandırılmalı, layihə ictimaiyyətin və ilk növbədə jurnalistlərin hərtərəfli müzakirəsinə verilməlidir. Əks təqdirdə bu qanun
cəmiyyətimizin inkişafına deyil, tənəzzülünə səbəb olacaq.

 

MSDM Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımları bütövlükdə pozitiv hesab edir və Türkiyə rəsmilərinin bu prosesin Azərbaycanla razılaşdırılma əsasında aparılacağı haqda açıqlamasını yüksək qiymətləndirir.

 

MSDM “3+3” və ya “2+3” platformasını regionda sülh və əmin-amanlığa, iqtisadi əlaqələrin güclənməsinə, region dövlətlərinin daha çox proqnozlaşdırıla bilinən siyasət aparacağına xidmət edəcəyini mümkün sayır, eyni zamanda bu platformanın Azərbaycanın beynəlxalq birliklə, aparıcı qərb dövlətləri ilə münasibətlərinə xələl gətirməyəcək şəkildə istifadə olunmasını zəruri hesab edir.

 

MSDM-in toplantısında Brüssel görüşləri ətrafı müzakirə edilib. Müzakirə iştirakçıları ilk yanaşmada bu görüşləri əsasən müsbət dəyərləndirməklə yanaşı nəticələrin detallı araşdırılmalı olduğunu qeyd ediblər.

MSDM hesab edir ki, xüsusən Azərbaycan və Ermənistan dövlət başçılarının 2-ci Qarabağ Savaşından sonra ilk dəfə təkbətək söhbətə başlaması diqqətəlayiqdir.
Həmçinin Laçın və Zəngəzur koridorlarının eyni statusa malik olmaları zərurətinin vurğulanması düzgün addımdır.

 

15 dekabr 2015

 

Basta