Fəzail Ağamalı ilə oğlu arasında dava düşdü

Ana Vətən Partiyasının bu gün keçirilən növbəti qurultayında gərgin anlar yaşanıb.

Teleqraf.az xəbər verir ki, gərginlik partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında baş verib.

“Ciddi xoşagəlməz vəziyyət yarandı. Partiyanın ünvanına təhdid və böhtanlar səsləndirildi. Sədrliyə namizədlərin hüquqları Elçin Ağamalı tərəfindən pozulduğuna görə qurultay yarımçıq saxlanıldı. Mən qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən sədr olaraq qalıram”, – Fəzail Ağamalı bildirib.

Xatırladaq ki, bundan öncə Fəzail Ağamalının deputat qızı Günay Ağamalını sədr seçmək istədiyi, ancaq qurultay üzvlərinin Elçin Ağamalıya səs verdiyi haqda məlumat yayılmışdı. E.Ağamalı da faktı təsdiqləmişdi.

Məsələ ilə bağlı Teleqraf.az-a danışan Elçin Ağamalı bildirib ki, onun əlində Fəzail Ağamalının partiya sədrliyindən istefa verməsi ilə bağlı görüntülər var.

“Eyni zamanda, mənim partiya sədrliyinə seçilməyimlə bağlı da videogörüntülər mövcuddur. Partiyada 25 illik fəaliyyətim var. Partiya nədir, reqlament nədir, bilirəm. Bütün qayda-qanunlara əməl etmişəm. Qurultayda mənim namizədliyimi irəli sürən, bunu müdafiə edən şəxslərin çıxışına imkan verilməyib. Zalın mənə böyük dəstəyini görən qarşı tərəf iclası saxladı, qurultayı təxirə saldı. Məni sədr kimi görmək istəyənlər isə zalı tərk etməyib, məsələni sonluqla yekunlaşdırıblar”.

Elçin Ağamalının sözlərinə görə, Fəzail Ağamalı qızı Günay Ağamalını partiya sədrliyinə namizəd irəli sürmüşdü:

“Ondan başda daha üç namizəd oldu. Ümumilikdə sədrliyə iddialı 4 namizəd var idi. Fəzail Ağamalı dəfələrlə mənə deyib ki, səni partiyada görmək istəmirəm. Mən də dedim ki, bunu qurultayda görəcəyik. 155 nümayəndədən 100-dən artığı mənə səs verib.