Paşinyan matəm elan etmədiyi üçün lənətlənirdi, indi elan etdiyi üçün lənətlənir
Ermənistanın keçmiş ədliyyə naziri: Cəllad qurbanların xatirəsini “yad etmək” istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün etdiyi müraciətində deyib ki, dekabrın 19-da döyüş əməliyyatlarının bitməsindən 40 gün keçir və həmin gün Ermənistan Respublikasında üç günlük matəm elan ediləcək.
Panorama.am saytının məlumatına görə, matəmin ilk günü Respublika Meydanından hərbi xiyabana qədər xatirə yürüşü keçiriləcək, digər mərasimlər də təşkil ediləcək.
Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovanisyan bununla bağlı aşağıdakıları yazıb:
“Bütün bunlar qeyri-insani və kosmik bir ədalətsizlikdir…Qurbanların cəlladı, ölüm carçısı, qan səfiri indi qurbanların xatirəsini “yad etmək” istəyir. Həqiqi sayını bildiyi, amma elan etmədiyi, adlarını bildiyi, amma dilə gətirmədiyi qurbanlar… Onların ruhu çoxdan dincəlir, amma o, qərar verib ki, onların ölüm günü öldükləri gündən yox, özünün razılaşmanı imzaladığı gündən hesablansın… Çünki onların öldükləri günləri gizli saxlayıb…Qana bulaşmış əllər və qana bulaşmış vicdanla təmiz paltar geyinmək mümkün olmayacaq. Bu günahdır. Böyük bir günah. Bunu anlamamaq üçün allahsız olmalısan…Bunun bədəlini mütləq ödəməli olacaq”.
Qeyd edək ki, bundan əvvəl Paşinyan müharibədə böyük itkilər və məğlubiyyətə rəğmən ölkədə matəm elan etmədiyi üçün əleyhdarları tərəfindən sərt tənqid olunurdu.
Basta