Mənəvi dayağımız – şəhidlərimiz

 

 

 

Əsrarəngiz, füsunkar gözəlliklərə malik olan dünya düzəni yaman yerdə axşamlayıb. Onu çirkləndirən qüvvələrin sayı-hesabı yoxdur, bu gözəlliklərə qarşı hücumlarının da ardı-arası kəsilmir. Bədbinlik gətirən odur ki, bu işlərlə məşğul olan, vaxtilə yer üzünün əşrəfi sayılan “insan oğlu”dur. Görəsən nədən bu hala gəlib çıxıb vəziyyət? Yuxarı kürsülərə yiyələnmişlərin başı qarışıb hər hansı milli münaqişəni mütləq müharibəyə çevirməyə. Aşağı təbəqələrdə olanlar nə işlə məşğuldur, it yiyəsini…

 

Artıq ailə dəyəri deyilən məfhum öz mahiyyətini itirmək üzrədir. Münasibətləri sözlə deyil, odlu və soyuq silahlarla həll edirlər. Qarışqanın sayı bilinir, hakimin, prokurorun, vəkilin sayı bilinmir, amma qətllər yüksələn xətlə davam etməkdədir. Cəzasızlıq hökm sürür bəlkə? Hər gün oxunan məhkəmə qərarları heç bir işə yaramır artıq. Saya gəlməyən şəhidi olan bir ölkədə bu qədər narkotacir ordusunu kimlər yaradıb? Media saytlarında saymaqla qurtarmır, millətə, xalqa mənsub edilməsi mümkün olmayan bu məxluqlar. Qeyri-adi canfəşanlıqla  gəncliyin şüurunu, zehnini, ağlını birdəfəlik məhv edən bu “insanabənzərlər” mənim fikrimcə yalnız dar ağacına layiqdirlər, məni köhnəlik tərəfdarı adlandıranlar olsa da. Ona görə ki, bunların sifətlərində insanlıq cizgisindən əsər-əlamət görünmür.  Narkotikdən qazanc əldə edən –öz ata-anasını da satan bişərəfdir. Bu dəstə hökumət, dövlət üçün hər zaman ağır bir yük deməkdir. Narkotaciri şüurlu insana çevirmək həyatda mümkün olan məsələ deyil. Bəs onda görəsən dövlət bu qədər gerizəkalını neyləyəcək?

 

30 ilin sürprizidir bu narkotacir ordusu da. Necə ki, bu müddıt ərzində haylar bekarçılıqdan Qarabağı minalamaqla məşğul idilər. Digər tərəfdə isə icra başçıları yoxsulları qarətlə, vəzifədə olan məmurlar da milyonlar toplayıb, xarici banklara daşımaqla günlərini keçirirdilər. 30 illik ağır mühitin təsiridir ki, şagird müəllimi döyür. Bu da ondan irəli gəlir ki, “müəllim” sözü ilə ziyalıya deyil, cəmiyyəti viran qoyan mafioza müraciət edilir.

 

Dünya düzəninin belə çat verdiyinə baxanda, bir təsəlli yeri öz əbədi təsirində qalır. O da bizim mənəvi dayağımız, müqəddəs şəhidlərimizdir! Yerin öz məhvərindən çıxmasına onlar razı olmazlar.

 

Nəzakət Muradova