Xocalı faciəsindən 32 il ötür

Fevralın 26-da Azərbaycanda artıq işğaldan azad edilmiş Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub.

Azərbaycan Milli Məclisinin “Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş” qərarında deyilr: “Bu müdhiş cinayətin təşkilatçıları məlumdur: Bunlar Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri, keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Aparılan əməliyyat nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə bütövlükdə məhv edilib, 487 nəfər şikəst olub, 1275 nəfər girov götürülüb. Xocalıya hücum əməliyyatına 366-cı alayın 2-ci tabor komandiri Seyran Ohanyan, 3-cü tabor komandiri Yevgeni Nabokin, 1-ci taborun qərargah rəisi Valeri Mkrtçyan rəhbərlik edib”.

Seyran Ohanyan ordu xidmətini Almaniyadakı Sovet qoşunları qrupunda keçirib.

1988-ci ilin iyulunda xidmətini davam etdirmək üçün SSRİ Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və 366-cı qvardiya motoatıcı alayında rota komandiri təyin olunub.

Bu alay Qarabağ müharibəsinin tarixinə ən qanlı səhifələrdən birini yazmış hərbi birləşmə kimi tanınır.

Qarabağ münaqişəsinin başlanğıcında artıq zabitlərinin əksəriyyətini Qarabağ erməniləri təşkil edən bu motoatıcı alayı Azərbaycan Xocalı əhalisinin qətliyamında başlıca müqəssir bilir.

1989-cu ildə Ohanyan Xankəndində mənzillənən bu alayın artıq komandanı təyin edilib.

Seyran Ohanyanın bioqrafiyasında yazıldığına görə 1992-ci ildə 366-cı motoatıcı alayı Azərbaycan ərazisindən çıxarıldıqdan sonra qalaraq xidmətini, Dağlıq Qarabağ ermənilərinin silahlı dəstələrində davam etdirib.

Seyran Ohanyan döyüşçü zabit kimi tanınır. O, 1992-ci ilin sentyabrında Ağdərə rayonunun Çaldıran kəndi yaxınlığındakı döyüşdə ağır yaralanıb.

1992-ci ilin dekabrıbda Dağlıq Qarabağ müdafiə komitəsi qərargahının rəisi təyin edilib.

1994-1998-ci illərdə Qarabağ ermənilərinin silahlı dəstələrinə rəhbərlik edən qurumda komandanın birinci müavini kimi çalışıb.

1999-cu ildə Dağlıq Qarabağ ermənilərinin separatçı hökumətində müdafiə naziri təyin olunub.

2007-ci il mayın 11-dən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində çalışıb.

2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Seyran Ohanyanı ölkənin yeni müdafiə naziri təyin edib.