Tofiq Yaqublu tələbləri yerinə yetməzsə, aclıq aksiyasına başlayacağını deyib
“Bu, mənə qarşı səriştəsizcəsinə və şərəfsizcəsinə uydurulmuş bir ssenaridir. Əgər mən bu adamları təhqir etmişəmsə, ümumiyyətlə, orada söyüş söymüşəmsə, o söyüşlər 10 qat artığıyla mənə və ailəmə getsin. Əgər yalandırsa, bunların nəzərdə tutduğu söyüşlər 10 qat artığıyla mənə atılan şərdə əli olan hər kəsə getsin. Mən nəinki bunları, hətta Qarabağda əsir düşən erməni qadınları da təhqir etməmişəm, onlara artıq söz deməmişəm…”, – Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu avqustun 7-də öz məhkəməsində zərərçəkmiş qismində tanınan ər-arvadın ifadəsinə münasibət bildirərkən deyib.
Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyilə keçirilən məhkəmə prosesində T.Yaqublu bildirib ki, tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq. Onun tələbləri isə məhkəmənin açıq keçirilməsi, yaxınlarının məhkəməyə buraxılması, həmçinin özünün və vəkillərinin qaldırdığı vəsatətlərin təmin olunmasıdır.
Məhkəmə başlayanda ailə üzvlərinin, prosesi izləməyə gələn ictimaiyyət nümayəndələri və media təmsilçilərinin məhkəmə zalına buraxılmamasına görə T.Yaqublu ilə hakim arasında mübahisə olub. Gələnlərin məhkəmə zalına buraxılmamasına etiraz edən T.Yaqublunun davranışını hakim məhkəməyə hörmətsizlik kimi qiymətləndirib. Ona xəbərdarlıq edib ki, məhkəməyə hörmətsizliyə görə cəzalandırıla bilər. T.Yaqublu xəbərdarlığa belə cavab verib: “Burada nə məhkəmə var, nə də siz hakimsiz. Siz şərləməni rəsmiləşdirməklə məşğulsunuz. Məhkəmə olsa, hakim olsa, mən qarşısında baş əyərəm. Siz adi bir vəsatətlə bağlı qərar verə bilmirsiz, nə məhkəmə, nə hakim?”
Hakim yalnız T.Yaqublunun qızı Nigar Həzinin məhkəmə zalına buraxılmasına icazə verib.
Məhkəmədə zərərçəkmiş qismində Elxan Cəbrayılov və həyat yoldaşı Cəvahir Cəbrayılova ifadə verib. Vəkillər vəsatət qaldırıb ki, bu adamlar ayrı-ayrılıqda dindirilsin, bir-birinin nə deməsindən xəbərdar olsalar, ifadələrini də ona uyğunlaşdıracaqlar. Amma hakim bu vəsatəti də təmin etməyib.
T.Yaqublu növbəti dəfə müdafiəçilərin vəsatətinin təmin olunmamasına etiraz edib: “Əgər özünüzü hakim sayırsınızsa, ədalət mühakiməsində, həqiqətin, sübutların ortaya qoyulmasında maraqlı olmalısınız. Amma vəsatətlərimizi təmin etməməklə siz şərəfsizliyin ifşa olunmasının qarşısını alırsınız”.
Cəbrayılovlar deyir ki, onlar Bakıxanov ticarət mərkəzindən bazarlıq edib qayıdanda maşınla getdikləri qəfildən T.Yaqublunun idarə etdiyi avtomobil onların yoluna çıxıb.
“Bu vətəndaş əlində telefon, yola baxmırdı, yolumuza çıxdı, bizimlə toqquşdu. Sonra düşüb üstümə cumdu. Başıma yumruqla vurdu, yıxıldım. Ayağa durdum, yenə vurdu məni. Əlində olan alətin nə olduğunu bilmədim. Onunla 3-4 dəfə vurdu məni. Sonra yoldaşım yaxınlaşdı. Yoldaşım onun əlindən tutdu. Əlindəki alət yerə düşdü. Sonra polislər gəldi, getdik bölməyə”, – deyə Elxan Cəbrayılov ifadəsində bildirib.
Cəvahir Cəbrayılova iddia edir ki, T.Yaqublu onun həyat yoldaşını döyməklə yanaşı, həm də onları təhqir edib: “Aqressiv şəkildə hərəkət edirdi, söyürdü…”
O, sosial mediada həyat yoldaşı haqqında yazılanlara da etiraz edib: “Mənim yoldaşım haqqında yazıblar ki, məhkəmələrdə üzə durub. Mənim yoldaşım nə məhkəmə görüb, nə də başqaları kimi türmələrdə yatmışıq. Biz evdə qəti şəkildə Azərbaycan dilində danışmırıq, rus dilində danışırıq. Yoldaşıma sual verəndə əyləc-filan barədə danışırlar, o da mənasını başa düşmür”.
T.Yaqublu isə Cəbrayılovların yalan danışdığını vurğulayıb: “Bunlarla mən ümumiyyətlə, nə dalaşmışam, nə də danışmışam. Deyir, aqressivəm. Adamı şərəfsizcəsinə şərləyəndə aqressiv olar. Sizə gəlib desələr ki, qonşunun toyuğunu oğurlamısız, dəli olarsız. Amma siz utanıb-qızarmadan məni şərləyirsiz…”
T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində problem yaranıb.
Meydan TV