BP Azərbaycandan da gedə bilərmi?
BP şirkəti hətta yüksək neft qiymətləri COVID-19 pandemiyasından sonra qayıdıb gəlsə belə, özünün neft və qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır.
Reuters agentliyi bu xəbəri BP-nin strategiyası ilə yaxından tanış olan üç mənbəyə isitnadən verib.
Bu da xəbər verilir ki, sözü gedən strategiya BP-nin direktorlar şurasının iyul ayında keçirilən iclaslarından birində müzakirə olunub.
Məlumatı verən mənbələr bildirirlər ki, BP neft qiymətlərinə dair proqnozunu bir barrel üçün 55 dollara endirib və bu, onun 17.5 milyard dollarlıq aktivlərini bundan sonra iqtisadi baxımdan sərfəsiz edib.
Neft yenidən 65-70 dollar olsa belə
Üç mənbə bildirib ki, neft qiymətləri yenidən 65-70 dollara qayıtsa belə, BP çətin bu aktivləri özünün iş planlarına daxil etsin. Əksinə, şirkət bu halda onları daha sərfəli qiymətə satmaq üçün daha yaxşı bazar şəraiti axtaracaq.
Reuters-in mənbələri bildiriblər ki, adətən neft nəhəngləri aktivlərini uzun müddətdə, bazar şəraiti yaxşılaşanadək saxlayırlar.
Amma BP-nin əvvəllər haqqında xəbər verilməyən yeni divestisiya strategiyası o deməkdir ki, neft nəhəngi həmin aktivlərə bir daha qayıtmayacaq.
Reuters bildirir ki, BP onun sorğularına cavab verməyib.
Agentlik yazır ki, yeni strategiya habelə BP-nin baş icraçı direktoru Bernard Looney-nin neft və qaz hasilatını 40 faiz və ya günə 1 milyon barrel azaltmaq, 2030-cu ilədək bərpa olunan enerji növləri sahəsini genişləndirmək planlarına da aydınlıq gətirir.
Reuters BP-dəki mənbəyə istinadən yazır ki, “bu sadəcə olaraq təbii hasilatın azalması və planlaşdırılmış divestisya məsələsidir”.
Həmin mənbə xatırladıb ki, BP özünün neft hasilatında böyük ixtisar elan edən ilk nəhəng neft şirkətidir.
BP yeni ölkələrə daxil olmayacaq
Onilliklər ərzində BP və onun Royal Dutch Shell və Exxon Mobil kimi rəqibləri investorlara hasilatın artacağını vəd ediblər.
Lakin indi iqlim fəallarının, investorların, bankların və bəzi hökumətlərin sənaye üzərinə emissiyaların azaldılması kimi tələb qoyduqları bir vaxtda Avropa şirkətləri daha çox bərpa olunan enerji növlərinə keçid siyasəti yürüdürlər.
Bu da xəbər verilir ki, ABŞ şirkətləri belə bir təzyiq altında deyillər və bərpa olunan enerji növlərinə dair öhdəlikləri yoxdur.
Looney bu həftə demişdi: “Hasilatın 40 faiz azaldılması o deməkdir ki, bizim yeni artım üçün neft axtarışına ehtiyacımız yoxdur. Biz enerji yataqlarının axtarışı üçün yeni ölkələrə daxil olmayacağıq”.
BP rəhbəri bildirib ki, şirkət axtarış işlərini mövcud hasilat infrastrukturu olan yerlərdə aparacaq və beləliklə barrellərin maya dəyərinin aşağı olmasına çalışacaq.
BP bu həftə habelə özünün aktiv satışından gəlir planlarını yüksəldib. Şirkət 2020 və 2025-ci illər arasında aktiv satışından 25 milyard dollar götürməyi planlaşdırır. Bunun 12 milyard dollarlıq hissəsi artıq prosesdədir.
Reuters yazır ki, BP hansı aktivləri satmağı planladırdığını hələ açıqlamayıb.
Anqola, Azərbaycan, İraq…
Mənbələr bundan əvvəl Reuters-ə bildirmişdilər ki, söhbətin Kanadanın bitumlu qumlarından və Anqoladakı dərin dəniz layihələrindən getdiyi görünür. Bu layihələr yeni strategiya ilə iqtisadi baxımdan sərfəli sayılmır.
Rystad Energy firmasının təhlilçisi Parul Chopra deyib ki, o BP-nin Anqoladan başqa, Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi yerləri tərk edəcəyini gözləyir.
Reuters yazır ki, BP özünün aşağı karbonlu enerji mənbələrinə investisiyalarını 2030-cu ilədək 10 qat artıraraq ilə 5 milyard dollara çatdırmağı planlaşdırır. Şirkət habelə bərpa olunan enerji növlərinin həcmini 20 qat artırmaq niyyətindədir.
Reuters yazır ki, beləliklə də 50 milyard dollar borcla BP yüksək gəlirli neft biznesindən aşağı gəlirli bərpa olunan enerjilərə keçir.
Belə dəyişiklik hazırda BP-nin mədən yanacağından aralanmasını istəyən investorlar üçün cazibədar görünə bilər, amma bu halda onlar daha az gəlir götürəcəklərinə hazır olmalıdırlar.
Böyük neft şirkətləri adətən neft sahəsinə qoyduqları investisiyaların 12-15 faiz gəlirlə qayıtmasını gözləyirlər. BP bərpa olunan enerjilərə qoyduğu investisiyalardan 8-12 faiz gəlir gözləyir.