Müsavat hakimiyyətdən Rusiyanın hərbi cinayətləri ilə bağlı mövqe tələb edir
Aprelin 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Azərbaycanlıların soyqırıma məruz qalmasının 104-cü ildönümü ilə bağlı partiya rəhbərliyinin Şəhidlər Xiyabanını ziyarət etməsi yerli və xarici mediada işıqlandırılıb. YAP-ın feysbuk səhifəsində Müsavatın bu tədbirinə qarşı əsassız təbliğatın aparıldığı qeyd edilib.
Müsavat Partiyasının mərkəzi qərargahında Qadınlar Birliyi və Gənclər təşkilatının iştirakı ilə aprelin 2-də keçirilən müşavirə barədə məlumat verilib.
Partiya başqanı Arif Hacılı Avropa Parlamentinin əsas fraksiyalarından biri olan Avropa Liberal Demokrat İttifaqının (ALDE) Brüsseldə keçirilən toplantısında iştirakı və səfər çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat verib.
Müsavat Partiyası Rusiya ordusunun Ukraynada dinc əhaliyə divan tutmasını, Buça, İrpen və digər şəhərlərdə yüzlərlə silahsız insanın, o cümlədən qadınların və uşaqların vəhşiliklə qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirir. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən Putin rejiminin insanlığa qarşı əməllərini pisləyən mövqe sərgiləməsini tələb edir.
Sonda cari məsələlər müzakirə olunub.
Basta