Buçadan sonra Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq
Rusiya hərbçilərinin Kiyev yaxınlığında törətdikləri, Qərbi şoka salan vəhşilikləri bu ölkəyə qarşı ən qısa zamanda yeni sanksiyaların tətbiqinə səbəb olacaq. Ancaq böyük ehtimal, Avropa Rusiya neftinə və qazına embarqo tətbiq etməyəcək.
Eyni zamanda, artıq tamamilə aydındır ki, müharibənin sonuna qədər sanksiyalar yumşaldılmayacaq, onların tamamilə ləğvi isə uzun illər – müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlar cəzalandırılana və ölkədə hakimiyyət dəyişikliyi baş verənə qədər mümkün olmayacaq. Qərb siyasətçilərinin və məmurlarının açıqlamalarından belə anlaşılır.
İnkişaf etmiş ölkələr Ukraynaya hərbi müdaxiləyə görə Rusiyaya qarşı misli görünməmiş məhdudiyyətlər tətbiq etdilər. Məqsəd Rusiyanı Qərbin texnologiyasından və pullarından məhrum etməkdir – Vladimir Putin qonşu ölkədə Rusiya ordusunun artıq minlərlə ukraynalını öldürməsi və bir neçə şəhəri yerlə-yeksan etməsiylə müşayiət olunan müharibəni davam etdirə bilməsin deyə.
Ancaq məhdudiyyətlər Rusiyaya Avropa ölkələrinə neft, qaz və kömür satışından gündə 650 milyon avro qazanmaq imkanı saxlayıb, ləng gedən sülh danışıqları isə Avropa limanlarının bağlanması, Rusiyanın bütün banklarının SWIFT sistemindən çıxarılması və neft-qaz idaxalına qadağa qoyulması kimi ağır sanksiyalardan yayınmaq ümidi yaradıb.
Ələ keçirdikləri ərazilərdə Rusiya hərbçilərinin törətdiyi zorakılıq və qətl hadisələriylə bağlı dəhşətli fotoların və şahid ifadələrinin yayıldığı gündən – aprelin 2-dən etibarən vəziyyət dəyişdi. Rusiyanın Müdafiə Nazirliyi ittihamları rədd edir, dünya mətbuatının foto və videoçəkilişlərini qurama adlandırır.
“Rusiya hərbçilərinin İrpen və Buçada öldürdükləri mülki əhalinin şəkilləri nasist və sovet rejimlərinin kütləvi qətllərini xatırladır. Bütün cinayətlərin anası biganəlikdır. Sübutları toplamaq və qoruyub saxlamaq lazımdır, günahkarlar məhkəmə qarşısına çıxarılmalıdır. Biz isə Avropa İttifaqının beşinci sərt sanksiyalar paketini mümkün qədər tez qəbul etməliyik,” – Estoniyanın baş naziri Kaja Kallas belə deyib.
Yeni sanksiyalar gəlir
“Rusiya ordusunun Kiyev ətrafında törətdiyi vəhşilikləri əks etdirən dəhşətli şəkillər məni şoka salıb”, – Avropa İttifaqının (Aİ) rəhbəri Charles Michel belə yazıb. O, sözlərinə “#BuchaMassacre” (Buça qətliamı) həştəqini də əlavə edib.
“Tezliklə yeni sanksiyalar və yardımlar olacaq”, – Michel bunları “Twitter”-də əvvəlcə ingiliscə, sonra ukraynaca yazıb.
Avropanın ilk dörd sanksiya paketi Putinə və onun yaxın ətrafına, dövlət şirkətlərinə və hakimiyyətlə əlaqəli banklara tətbiq edilib. Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarını dondurub, bu ölkəyə nağd avro və lüks əşya ixracını qadağan edib, amma Rusiyanın neft, qaz və kömüründən vaz keçməyib; üstəlik, ödənişləri sanksiya altında olan banklar vasitəsilə həyata keçirmək imkanı da saxlayıb.
Beşinci paket daha əvvəldən – dördüncü paketin qüvvəyə mindiyi 15 martdan müzakirə olunurdu. Mövcud məhdudiyyətlərin sərtləşdirilməsini və boşluqların aradan qaldırılmasını ehtiva edən yeni paketin bu həftə qəbul olunacağı gözlənirdi. Bu paketdə embarqo nəzərdə tutulmamışdı.
Bəs indi – dünya mətbuatı və hüquq müdafiəçiləri mülki əhaliyə qarşı cinayətlərin sübutlarını təqdim edəndən sonra Aİ-nin mövqeyi necə olacaq? Artıq demək olar ki, razılaşdırılmış paketin qəbulunu sürətləndirib bir-iki gün ərzində elan etmək, yoxsa Avropanın rifahına və rahatlığına təhlükə yaratmasına rəğmən, daha ciddi tədbirlərə əl atmaq?
Qərb mətbuatı bu məsələdə hələ ki konsensusun olmadığını yazır. Şərqi Avropa, ilk növbədə Polşa və Baltik ölkələri tədbirlərin sərtləşdirilməsini tələb edirlər, amma Aİ-nin sənaye mühərriki və enerji resursları üzrə əsas istehlakçısı Almaniya başda olmaqla, bir qrup ölkə embarqoya və hətta neft-qaz idxalının azaldılmasına qarşıdır.
Sanksiyaların tətbiqi üçün dünyanın ikinci böyük iqtisadiyyatı və 450 milyon əhalisi olan Aİ-nin bütün üzvləri – 27 ölkənin hər biri razılıq verməlidir. İttifaqda Rusiyaya yumşaq yanaşan və bu ölkənin qazından asılı ölkələrdən (ilk növbədə Macarıstan, İtaliya və Avstriyadan) ibarət tərəfdaşları olan Putin üçün bu, yaxşı xəbərdir.
Sanksiyalar nə vaxt yumşaldıla bilər? Çox-çox sonra
Amma bu həm də pis xəbərdir, çünki sanksiyaların aradan qaldırılması üçün də bütün üzv dövlətlərin razılığı tələb olunur. Niderlanddan tutmuş Estoniyaya qədər onların hər birini inandırmaq lazım gələcək ki, günahkarlar cəzalandırılıb və Kreml digər ölkələrin daxili işlərinə müdaxilə alətlərindən; kiberhücum, rüşvətlə ələ alma və birbaşa hərbi müdaxilə imkanlarından məhrum olub.
Üzv dövlətlər sanksiyaların ləğvinə hələ ki heç eyham da vurmurlar.
Keçən həftə İtaliyanın Baş naziri Mario Dragi və Almaniya kansleri Olaf Scholz sanksiyaların effektli olduğunu təsdiqləyiblər və telefon danışığında bu tədbirləri dəstəkləmək barədə razılığa gəliblər.
Digərləri daha sərt mövqe sərgiləyirlər.
“Rusiyanın danışıqların uğurlu olmasına səmimi şəkildə can atdığını göstərən heç bir əlamət yoxdur. Ona görə də biz Kremldəki rejimin niyyətini bəyanatlarına görə yox, əməllərinə görə dəyərləndirməliyik”, – Litvanın Baş naziri Ingrida Simonyte belə deyib.
Danimarkanın Baş naziri Mette Frederiksen də onu dəstəkləyib. Hər ikisi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb ediblər. Polşanın Baş naziri Mateusz Morawiecki isə Rusiya nefindən və qazından tam imtina etməyə çağırıb.
“Sanksiyalar Ukraynada sülhün bərqərar olması üçün tətbiq edilib, Avropanın vicdanını sakitləşdimək üçün yox. Sansksiyalar Putini dayandırmaq üçündür. Bu baş verməyibsə, deməli, onlar kifayət qədər sərt deyil. Mən Avropa İttifaqına tələbimi təkrar səsləndirirəm – Rusiya dövlətinin və oliqarxlarının aktivləri müsadirə edilməlidr. Və Rusiyanın enerji daşıyıcılarından qətiyyətlə imtina olunmalıdır” – Morawiecki belə yazıb.
Pis davranışına görə Putini küncə qoymaq istəyən Qərbin daha əvvəlki səylərinin nəticələri gərginliyin azalması və sanksiyaların yumşaldılmasıyla bağlı ümidləri öldürür. Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Antony Blinken də xatırladıb.
“Biz hərbi müdaxilədən əvəllki bir neçə ay boyu və hətta ondan sonra da dalandan simasını qoruyaraq çıxması üçün Putinə müxtəlif variantlar təklif etdik. Çox təəssüf ki, təklifləri qəbul etmək əvəzinə, o hər dəfə sürəti daha da artırdı,” – Blinken bugünlərdə keçirilmiş brifinqdə belə deyib.
O qeyd edib ki, sanksiyaların ləğv edilməsini mümkün edən şərait tezliklə yaranmayacaq:
“Sanksiyalar həmişəlik deyil. Onlar sadəcə məqsədə nail olmaq alətidir. Bu baş verəndə sanksiyalar da keçmişdə qalacaq. Mən çox ümid edirəm ki, müharibə bitəcək, Putin müdaxiləni durduracaq və bundan sonra hansısa məqamda sanksiyalar da ləğv ediləcək”.
Blinken deyib ki, bunun baş verməsi üçün “müharibənin bitməsi və Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi” lazımdır.
ABŞ Prezidenti Joe Biden isə Avropaya ötən həftə keçirdiyi səfəri zamanı buna çox vaxt sərf olunacağını bildirib:
“Həqiqətin gözünün içinə baxmaq lazımdır: bu döyüşü nəinki yaxın günlərdə, heç yaxın aylarda da udmaq mümkün deyil. Uzunmüddətli savaşa hazırlaşmalıyıq”.
ABŞ-ın Avropa qitəsindəki ən yaxın müttəfiqi Britaniya mövqeyini daha konkret ifadə edərək bildirib ki, atəşkəs yetərli olmayacaq, Rusiya doğru yola gəlməli və bir də belə etməməlidir.
“Atəşkəs razılaşması kifayət etməyəcək. Rusiyanın kursunun tamamilə dəyişməsinə nail olmaq üçün Putinə həm iqtisadi baxımdan, həm də (Ukraynaya) hərbi yardım vasitəsilə təzyiqi artırmaq lazımdır,” – Britaniya Baş nazirinin mətbuat xidmətinin açıqlamasında Boris Johnsonun belə dediyi qeyd olunur.
Oxşar şərtləri ABŞ-ın dövlət katibi Blinken də səsləndirib:
“Biz əmin olmalıyıq ki, prosesin geri dönüşü yoxdur, bu bir daha təkrarlanmayacaq və Rusiya bir, iki və ya üç il sonra köhnə əməllərini təkrarlamayacaq”.
BBC