“Moskva” kreyserində “itkin düşən” hərbçilərin valideynləri dilə gəldi
Rusiyalılar sosial şəbəkələrdə qohumlarının “Moskva” kreyserində “yoxa çıxmasından” şikayətlənirlər
“VKontakte” sosial şəbəkəsinin istifadəçiləri “Moskva” kreyserinin ekipaj üzvləri olan qohumlarının, həmin gəmi batdıqdan sonra itkin düşdüyünü bildirir.
Bu haqda Rusiyanın məşhur “Meduza” portalı məlumat yayıb.
Dmitri Şkrebets adlı istifadəçi oğlu Yeqor Şkrebetsin kreyserdə hərbi xidmət keçdiyini və gəminin batmasından sonra onun “itkin düşənlər” siyahısına əlavə edildiyini bildirib.
Başqa bir qadın sosial şəbəkədə oğlu Mark Tarasovun “Moskva” kreyserində yoxa çıxdığını bildirib.
Şkrebets yazıb: “Mənim çağırışçı oğlum, “Moskva” kreyserinin bilavasitə komandirlərinin mənə verdiyi məlumata görə, ölən və yaralananlar arasında yoxdur və itkin düşmüşlər siyahısındadır. Onlar açıq dənizlərdə itkin düşüblər?!
Hadisə ilə bağlı məlumatları dəqiqləşdirmək cəhdlərimdən sonra kreyser komandiri və onun müavini mənimlə əlaqəni kəsib. Mən birbaşa soruşdum ki, necə oldu siz zabitlər sağsınız, amma mənim çağırışçı əsgər oğlum öldü?”
Şkrebetsin sözlərinə görə, oğlu 2 iyul 2021-ci ildə hərbi xidmətə çağırılıb və Moskva kreyserində aşpaz vəzifəsində çalışıb.
Əsgər atası
oxuculardan onun müraciətini yaymağı xahiş edib ki, “əclaflar bu dəhşətli faciəni gizlətməsinlər”. O, yazıb ki, bütün həyatını “bu hadisədə həqiqətin üzə çıxmasına” həsr etmək niyyətindədir.
Şkrebets oğlunun öz hərbçi yoldaşları ilə birgə ölümündən dörd gün əvvəl çəkilmiş fotoşəkillərini də dərc edib.
Aprelin 17-də isə “Agentstvo” saytı “Moskva”nın vurulması nəticəsində hərbçinin itkin düşməsi ilə bağlı daha bir nəşr aşkarlayıb.
Söhbət “VKontakte” istifadəçisi olan Uliana Tarasovanın oğlu Mark Tarasovun “Moskva” kreyserində yoxa çıxması ilə bağlı paylaşdığı yazıdan gedir.
Tarasova oğlunun “Moskva” ekipajının üzvlərindən biri olduğunu bildirib. Əsgər anası kreyserin göyərtəsində 40-a yaxın adamın öldüyü, çox adamın isə ağır yaralandığı barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilmiş “Moskva”vkreyserinin bütün heyətinin tamamilə təxliyə edildiyi barədə açıqlamalarına baxmayaraq, jurnalistlər ekipaj üzvlərindən biri – İvan Vaxruşev adlı bir miçmanın da öldüyünü sübut ediblər.
Xatırlatma
Aprelin 13-də axşam saatlarında məlum olub ki, Rusiya Federasiyasının Qara Dəniz Donanmasındakı flaqmanı “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raketləri ilə vurulub. Bundan sonra 16 qanadlı raketi olan kreyser sıradan çıxıb və batıb.
Mütəxəssislər gəmilərin atmosferdəki buludların arasından yerini göstərən peyklərdən alınan görüntüləri təhlil edərək, Ukraynanın Neptun raketlərinin vurulduğu an Moskva kreyserinin yerləşdiyi yerin dəqiq koordinatlarını müəyyən ediblər.
“Azadlıq” radiosu Moskvanın göyərtəsində rus dənizçilərindən birinin qohumu ilə əlaqə saxlaya bilib və o, qohumunun kreyserdə öldüyünü təsdiqləyib. Qadın jurnalistlərə etiraf edib ki, daha 27 ekipaj üzvü “yoxa çıxıb”.
Hərbi ekspertlər peyk çəkilişlərinə əsaslanaraq “Moskva” kreyserində ekipajın yarısının öldüyünü və ya yaralandığını təxmin edirlər.
Basta