Yağ bahalaşa bilər

Kütləvi informasiya vasitələrində “Azərsun Sənaye Parkı”nda baş vermiş və ümumilikdə 5 000 kvadrat metr sahəni əhatə edən yanğın nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəydiyi bildirilir. Həmçinin mətbuatda o da qeyd edilir ki, anbarlarda satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq kərə yağı ehtiyatı olub.

 

“Azərsun Holdinq” də rəsmi “Facebook” səhifəsində yerləşdirdiyi paylaşımda “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəydiyini bildirir. Həmçinin həmin postda o da qeyd edilir ki, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar. “Azərsun Holdinq” sosial şəbəkə vasitəsi ilə yaydığı məlumatda konkret olaraq yanğın nəticəsində nə qədər mal, məhsul itkisinə məruz qaldıqları haqqında məlumat açıqlamasa da ““Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları olduğunu, ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacağını qeyd etmişdir.

 

Qeyd etməliyəm ki, “Azərsun Sənaye Parkı“ın fəaliyyəti, istehsal, ixrac və idxal göstəriciləri ilə bağlı  məlumat əldə etməyə çalışdıq.  12 iyul 2016-ci il tarixdə Holdinqin Facebok səhifəsində yayılan məlumatla bildirilir ki, “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Bakı və Sumqayıt yağ fabrikləri böyük istehsal potensialına malik olan müəssisələrdir. Daha sonra  qeyd edilir ki, müəssisə 1997-ci ildə açılmış və 2014-cü ildə Sumqayıt sənaye zonasına köçürülmüş, yeni avadanlılqlarla təchiz edilmiş, istehsal həcmi çoxaldılmışdır. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, “əl dəyməyən” texnologiya ilə fəaliyyət göstərir.

 

Müəssisələrdə yüksək keyfiyyətli günəbaxan və qarğıdalı duru yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş kərə və GHEE yağları, mayonez, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisə Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir[1]. Fabrikdə yerli və xarici bazarlar üçün müxtəlif kateqoriyalarda 40-dan artıq brend adı ilə məhsullar istehsal olunur. Əsas brendlərdən aşağıdakıları göstərmək olar: “Final”, “Möcüzə”, “Gülüm”, “Super Sun”, “Zeytun bağları”, “Wellington”, “Bizim Süfrə” və b[2]. Birincisi, həmin müəsisənin illik istehsal gücü 270 000 ton olsa da, ümumi olaraq Azərbaycanda heç zaman bir o qədər yağ istehsal edilməmişdir. Azərbaycanın ən yüksək yağ istehsalı göstəricisi 2014-cü ildə 159,6 min ton təşkil etmişdir ki, bu da müəssisənin istehsal gücündən (270 min ton) 110,4 min ton azdır. DSK-nın təqdim etdiyi məlumatlara əsasən apardığımız hesablamalar göstərir ki, “Azərsun Sənaye Parkı“ 2014-cü ildə “yeni avadanlılqlarla təchiz edildikdən və istehsal həcmi çoxaldıqdan” sonra Azərbaycanda bitki yağı və ümumi yağ istehsalı azalmağa başlamışdır (Cədvəl1).

 

Cədvəl 1. Yağların istehsalı, ton. Mənbə DSK

 

2013 2014 2015 2016 2017 2020
Bitki yağı 100 159 106874 106645 82 250 80 439 75 088
Marqarin 24 505 29 284 24 925 47 594 51 705 49 894
Kərə yağı 21 877 23 445 23 935 25 604 25 295 24 622
Cəmi yağ istehsalı 146541 159603 155505 155448 157439 149604

 

İkincisi, müəssisənin  Azərbaycanın tam tələbatını qarşılaması ilə bağlı deyilənlər də doğru deyil. Belə ki, DSK-nın təqdim etdiyi məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, indiyədək Azərbaycan heç zaman özünü təmin edə biləcək həcmdə yağ istehsal edə bilməyib. 2020-ci ildə 300,7 min ton yağdan (bitki, kərə yağları və marqarin) ərzaq kimi istifadə və emal edilmişdir (Cədvəl 2). Həmin il İstifadə edilən 300,7 min ton yağın yarıdan çoxu, 180,8 min tonu idxal edilmişdir ( Cədvəl 3 əlavədə).

 

Cədvəl 2. Yağlardan ərzaq kimi istifadə edilmişdir və emal edilmişdir, ton. Mənbə DSK

 

2013 2014 2015 2016 2017 2020
Bitki yağının ərzaq kimi istifadəsi 81 403 101 814 119 672 153 100 155 622 152 888
Bitki yağı emal edilmişdir 52 971 55 554 55 653 58 644 59 620 61 293
Marqarinin ərzaq kimi istifadəsi 24 119 28 432 13 018 27 720 30 125 42 184
Marqarin emal edilmişdir 3 772 4 502 6 303
Kərə yağı ərzaq kimi istifadəsi 43 354 44 472 41 454 32 532 33 394 36 369
Kərə yağı emal edilmişdir 1 511 1 610 1 745
Cəmi 201847 230272 229797 277279 284873 300782

 

Rəqəmlərdən göründüyü kimi Azərbaycan istehlak etdiyi yağın yalnız 49,7 faizini daxili istehsal hesabına qarşılaya bilir. “Azərsun Sənaye Parkı”in istehsal göstəricilərini əldə etmək mümkün olmadığı üçün müəssisənin ümumi istehlakdakı payını da müəyyən etmək qeyri-mümkqndür. Nəzərə alsaq ki. Azərbaycan 2020-ci ildə cəmi 25 min ton (kərə yağı- 388 ton, bitki yağı-21 880 ton, 2 737 marqarin) yağ ixrac etmişdir, ehtimal etmək olar ki, bu qədər yağın ixracı ilə əsasən “Azərsun Holdinq” məşğul olmuşdur. Ancaq 2013-cü ildə, müəsisə yeni avadanlılqlarla təchiz edilməzdən əvvəl Azərbaycan indikindən 3,2 dəfə çox (kərə yağı 158 ton, bitki yağı 81 615 ton) yağ ixrac etmişdir.

 

Azərbaycanda əsas yağ istehsalçısı olan “Azərsun Sənaye Parkı“ında nə qədər yağ istehsal edildiyi bəlli olmasa da, ölkədə bitki yağı istehsalının 2014-cü ildə 106,8 min tondan 2020-ci ildə 75 min tona, kərə yağı istehsalının 2016-cı ildə 25,6 min tondan 2020-ci ildə 24,6 min tona və ümumi ölkə üzrə yağların istesalının 2014-cü ildə 159,9 min tondan 2020-ci ildə 149,6 min tona düşməsi və yağ ixracının 3,2 dəfə azalması həmin müəssisədə də yağ istehsalında azalmaların olduğunu düşünməyə əsas verir.

 

Kütləvi informasiya vasitələrində “Azərsun Sənaye Parkı“ kompleksinin anbarlarında baş verən yanğın nəticəsində təkcə məhsula dəyən ziyanın 20-30 milyon manat həcmində ola biləcəyi qeyd edilir. KIV-lərin “Azərsun Sənaye Parkı”ndakı mənbədən əldə etdiyi məlumatlarda bildirir ki, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb, daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Məlumatlarda o da qeyd edilir ki, orada, yəni həmin soyuducu anbarda satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Həmçinin o da bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulmuşdu. “Azərsun Sənaye Parkı“ rəhbərliyi anbarlarda nə qədər yağ saxlanıldığını dəqiqliyi ilə bilirlər. İstehsal müəssisəsindən anbarlara təhvil verilən və anbarlardan çıxarılan məhsulların dəqiq uçotu getməli olduğu halda nə qədər məhsulun anbarlarda yandığını hesablamaq cəmi bir saat vaxt aparar. Hesab edirəm ki, “Azərsun Sənaye Parkı“ rəhbərliyi yanğın nəticəsində itirilmiş məhsulun həcmini qısa bir müddətdə dəqiqləşdirə bilər.

 

Qeyd etməliyəm ki, “Azərsun Sənaye Parkı“nın xammal bazası əsasən xarici ölkələr hesabına formalaşır.

 

Hələ 2017–ci ildə kərə və spred yağlarının istehsalı ilə bağlı jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri bildiriblər ki, kərə yağı məhsulu Yeni Zellandiyadan idxal edilir və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faizini təşkil edir. Sumqayıtda böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib. Həmçinin müəssisənin xammal bazası əsasən İspaniya, Portuqaliya, Ukrayna, Argentina və Braziliyadan idxal olunan xam bitki yağları hesabına formalaşır.

 

“Azərsun Sənaye Parkı“nın “Sun Food” MMC-yə məxsus anbarlarda baş verən yanğın nəticəsində məhsula dəyən ziyanın ümumilikdə 20-30 milyon manat təşkil etməsi və o cümlədən satışa çıxarılmaq üçün nəzərdə tutulan kərə yağlarının 5-6 aylıq ehtiyatının yanması doğrudursa, deməli, daxili yağ bazarında təkliflə bağlı müəyyən problemlər yarana bilər. Belə ki, yanğının törətdiyi mal itkilərini qısa bir müddətdə daxili istehsal hesabına kompensasiya etmək mümkün olmayacaq.  Azərbaycan istehlak etdiyi kərə yağının 40 faizdən çoxunu idxal edir. Onu da nəzərə almaq lazımdır ki, bu ilin birinci rübündə ölkəyə idxal edilən kərə yağı 34% bahalaşmışdır. Və keçən ilin eyni dövrünə nisbətən idxal edilən kərə yağının həcmi 19,4% artmışdır. Digər tərəfdən müəssisənin soyuducu anbarların yararsız hala düşməsi, yanğın nəticəsində qeyd edildiyi kimi on milyonlarla manat dövriyyə vəsaitlərinin itirilməsi də müəssisədə yağ istehsalının azalmasına səbəb ola bilər. Yanğının Rusiya-Ukraine münaqişəsi nəticəsində dünyada yağ təhcizatında problemlərin yarandığı bir vaxta təsadüf etməsi də Azərbaycan üçün müəyyən çətinliklər yaradacaq.

 

Beləliklə, ölkədə əsas yağ istehsalçısı olan “Azərsun Sənaye Parkı”nda baş verən yanğın nəticəsində ölkədə yağ qıtlığı yarana və yağların qiymətləri qalxa bilər.

 

Əlavə

 

Cədvəl 3. Yağlar idxal edilmişdir

 

2013 2014 2015 2016 2017 2020
Bitki yağı 115 185 129 571 129 126 153 577 149 623 162 334
Marqarin 123 202 205 405 1 872 3 420
Kərə yağı 21 644 21 776 10 906 8 357 10 785 15 039
Cəmi yağ idxalı 136952 151549 140237 162339 162280 180793

 

 


[1] https://www.facebook.com/AzersunHR/photos/a.157723390910286/1349474798401800/?type=3

 

 

Vahid Məhərrəmov

 

Turan