Ermənistanla sülh danışıqları intensivləşdi

Dünən Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb, bu gün isə Serdar Kılıç  Vyanada Ruben Rubinyanla görüşəcək

 

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində təmaslar davam edir. Bu gün Vyanada Türkiyənin bu preses üzrə rəsmi  nümayəndəsi, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ilə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında görüş keçiriləcək.

 

Qeyd edək ki, bu danışıqların birinci raundu yanvarın 14-də Moskvada baş tutub. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada ikinci dəfə görüşüblər.

 

Dünən Brüsseldə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın iştirakı ilə Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü keçirilib.

 

“Hikmət Hacıyevi və Armen Qriqoryanı bu formatda ikinci dəfə Brüsseldə qəbul edə bildiyim üçün şadam”, deyə Klaar Twitter-dəki mikrobloqunda yazıb.

 

Azərbaycan və Ermənistan tərəfdən görüş haqqında rəsmi şərh daxil olmayıb.