Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 4 qərar qəbul etdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 9-da Azərbaycandan olan şikayətlər üzrə 4 qərarını elan edib. Qərarlar mülkiyyət, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.
Bu barədə aihmaz.org saytı məlumat yayıb.
Adil Dadaşov və Tural Hacıbəyli (Müsavat Partiyasının fəalı-red) Azərbaycana qarşı şikyəti üzrə Avropa Məhkəməsi ərizəçilərə münasibətdə Avropa İnsan Haqları Konvensiyasının azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşdırması hüququnun (6.1 və 6.3) pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət əriziəçilərin hər birinə mənəvi zərər əvəzi 4000 avro, ikinci ərizəçinin təmsilçisinə hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.
Bu işdə birinci ərizəçi 2009-cu ildə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahkar bilinib, üç sutkalıq inzibati həbs cəzasına məhkum olunub.
İkinci ərizəçi də eyni əməldə günahlandırılıb, cəzalandırılıb. Ərizəçilər polisdə saxlanılarkən su, yemək, yataq verilmədiyini, pis rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunduğunu iddia ediblər.
Əliyevlər Azərbaycana qarşı şikayəti üzrə Avropa Məhkəməsi ərizəçilərin şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət ərizəçilərə mənəvi zərərə və məsrəflərə görə, ümumilikdə 7094 avro təzminat ödəyəcək.
Ərizəçilər Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev iddia edir ki, hərbi xidmətdə olarkən Naxçıvan şəhərindəki hərbi qəsəbədə onlara dövlət hesabına verilmiş mənzildən çıxarılmaları qanunsuz olub. Ərizəçilər AİHM qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnun pozuntusunu qaldırıb.
Cümşüd Bayramov Azərbaycana qarşı şikayəti üzrə məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilib və tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.
Əlikram Xurşidov Azərbaycana qarşı şikayəti üzrə işdə Müsavat Partiyası fəalı olan ərizəçi məhkəməyə qədər həbsinin qanunsuzluğunu iddia edib. AİHM hökumətin təqdim etdiyi, iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannaməyə əsasən, ərizəni baxılacaq işlərin siyahısından xaric edib. Hökumət ərizəçiyə 3500 avro ödəməlidir.
Son zamanlar bir sıra şikayətçilər Avropa Məkəməsinin qərarlarından razı olamdığını bildirir. Belə ki, onların fikrincə son illər Avropa Məhkəməsi Azərbaycandan olan şikayətlər üzrə mənəvi zərərə və məsrəflərə görə konpensasiyaları çox az müəyyən edir. Ekspertlərin fikrincə, Azərbaycan Ali Məhkəməsinin Plenumu isə Avropa Məhkəməsinin qərarlarına çox geç baxır və qərarların hüquqi tərəfi yerinə yetirilmir.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsinin qərarları həmin mübahisə üzrə Azərbaycanda yenidən hüquqi araşdırma aparılması üçün əsasdır.
“Təəssüflər olsun ki, Azərbaycvan hökuməti bu məsələdə qanunvericiliyə uyğun davranmır. Ali Məhkəmənin statistikasından görünür ki, il ərzində 1-2 işə baxılır. Bu sahədə problem var”.
Təzminatın məbləğinin azlığı ilə bağlı ekspert deyib ki, bu məsələdə Avropa Məhkəməsinin ölkələrə yanaşmasında fərqliliklər nəzərə çarpır.
“Avropanın mərkəzi ölkələri ilə bağlı eyni statuslu qərar qəbul ediləndə Azərbaycandan olan şikayətə nisbətdə daha yüksək təzminat məbləği müəyyən edilir”.
Ağaliyev hesab edir ki, Avropa Məhkəməsində Azərbaycana qarşı bir təcrübə formalaşıb.
“Mənəvi ziyanla bağlı bu təcrübəni dəyişmək çox çətindir. Amma maddi ziyanla bağlı qərarlarda məhkəmə qarşısında sübut olunan məbləğlərlə bağlı qərarlar qəbul eidlir. Kim maddi ziyanla bağlı şikayətini sübut edirsə həmin məbləğdə təzminat müəyyən edilir. Məsələn, Flora Kərimovanın depuatalığa namizədliyi ilə bağlı şikayətdə 60 min avro təzminat müəyyə olunmuşdu” , o qeyd edib.
Ekspert Avropa Məhkəməsinin kommunikasıyası uzun müddət əvvəl başa çatmış işlər üzrə qərarlarını çox gec elan etməsi barədə sualın cavabında deyib ki, məhkəmə 47 üzv ölkədən olan şikayətlər üzrə qərarlar qəbul edir.
“Məhkəmənin bütün işlərə qısa müddət ərzində baxıb qərarlarını elan etməsi üçün texnili imkanları yoxdur. Amm, doğrudan da 10-15 ilədək qərarları uzanan işlər də var. Məhkəmənin fəaliyyətini tənzimləyən sənədlərdə də işlərə baxılması üçün müddətlər müəyyən olunmayıb”.
Ağaliyev deyib ki, 2016-cı ildən başlayaraq Azərbaycandan olan iki min iki yüzədək şikayət baxılmasını və qərarın elan edilməsini gözləyir.
“Azərbaycan Avropa Şurasının 47 ölkəsi arasında baxılmasını gözləyən işlərə görə son illərdə birinci beşlikdə yer alır” , o qeyd edib.
Basta