İyun ayında Bakıdan Novorossiyskə neft göndərilməyəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyun ayında öz neftini (müqavilədən kənar, köhnə yataqlardan müstəqil hasil edilən) ənənəvi Şimal marşrutuna (Bakı-Novorossiysk) qarşı olaraq Aralıq dənizinə yola salınmaqla Bakı-Tbilisi-Ceyhan neft kəmərilə göndərmək qərarına gəlib.
Bundan öncə iyunda Rusiya Federasiyası ərazisilə 85 min ton neftin daşınması planlaşdırılırdı, lakin kommersiya səbəblərindən bu neft partiyası (bir tanker daşıma) Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təkrar yönləndirilib.
Bu barədə Turan-a məlumat verən SOCAR-dakı mənbə xatırladıb ki, may ayından dövlət şirkəti Bakı-Novorossiysk (Rusiyanın Qara dənizdəki limanı) neft kəmərindən istifadəni dayandırıb və artıq Bakı-Tbilisi-Ceyhan vasitəsilə əvvəllər Novorossiysk limanına göndərilmək üçün nəzərdə tutulmuş köhnə yataqlardan 170 min ton neft nəql edib.
Eyni əməliyyat iyun ayında da keçiriləcək.
Qərar “qara qızıl”ın Qara dəniz limanlarından tanker daşımalarının Ukraynaya hücumla əlaqədar Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalara məruz qala biləcəyi və ya bu neftin diskontla (etalon Brent ilə müqayisədə minus $20-40/barel) ticarətilə bağlı mürəkkəb vəziyyətlə əlaqədardır.
Bundan öncə Turan-a məlum olub, BP-nin rəhbərliyilə Xəzərdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunu işləyən beynəlxalq konsorsium may ayında olduğu kimi, iyunda da Bakı-Supsa (Gürcüstanın Qara dənizdəki limanı) neft kəmərilə neft (90 min b/s) nəql etmir. Səbəb Rusiya-Ukrayna münaqişəsinin həll olunmaması və Qara dəniz hövzəsində mürəkkəb vəziyyətdir.
Beləliklə, may ayından başlayaraq Bakı-Tbilisi-Ceyhan ilə sutkalıq neft nəqli, həcmlərin Novorossiysk və Supsadan köçürülməsilə 700 min b/s səviyyəsinə çatıb.
Bu neftin daşınması Ceyhanda (Türkiyənin Aralıq dənizindəki limanı) həyata keçirilir, orada neftin qiyməti yüksəkdir və ona tələbat var.