Conson istefa verdi
Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifəsini tərk etdiyini, lakin partiya yeni lider seçilənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Bu gün hökumətin iqamətgahı qarşısında jurnalistlərə açıqlama verən Conson tərəfdarlarına və Britaniya xalqına təşəkkür edib və “dünyanın ən yaxşı işini” tərk etdiyinə görə inanılmaz dərəcədə kədərləndiyini bildirib.
O, Ukrayna xalqına müraciət edərək, kabinetinin istefasından sonra da Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Partiya lideri vəzifəsi uğrunda mübarizə bu ilin yayında baş tutacaq, yeni baş nazir isə oktyabrda seçiləcək.
Son günlər Böyük Britaniyada hökumət böhranı başlayıb. İki gün ərzində 50-dən çox səlahiyyətli şəxs vəzifəsini tərk edib. Onlar Consona etibar etmədiklərini və onun idarəçilik üsulları ilə razılaşmadıqlarını bildiriblər.
Siyasi böhran necə yaranıb?
BBC-nin yazdığına görə, bu böhranın kökləri dərinə getsə də, istefa silsilələrinin indiki səbəbi Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsinə qarşı cinsi sui-istifadə iddiaları ilə bağlı mübahisələr olub.
Baş nazir, Chris Pincher haqqında olaylar barədə xəbərdar olsa da, bunu öncə danıb.
Boris Conson-a qarşı narazılıq həmçinin koronavirus epidemiyası vaxtı hökumətin qərargahında karantin rejiminin pozulması ilə keçirilən ziyafətlərlə də bağlıdır.
Baş nazir öncə bu cür toplantılarda iştirak etmədiyini desə də, daha sonra araşdırma keçirən polis bu faktı təsdiqləyərək Boris Jonsona cərimə yazıb.
Paralel aparılan parlament araşdırmasının nəticələri açıqlandıqdan sonra isə hakim mühafizəkar partiyasının üzvləri də daxil, bir çox siyasətçi, Baş nazirin istefasını tələb etməyə başlayıb.